Fevralın 21-də Xətai Sənət Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 17 yaşa qədər uşaqlar arasında elan olunmuş “Şəhid şəhər” adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi keçirilib.
Paytaxtdakı 4 nömrəli uşaq incəsənət məktəbinin 11 şagirdinin rəsm əsərləri müsabiqədə 400-ə qədər uşaq, 600-ə yaxın əl işi arasından seçilərək diploma layiq görülüb. Həmçinin 4 nömrəli uşaq incəsənət məktəbinin müəllimi, Əməkdar rəssam Rafael Muradovun Xocalı faciəsinə həsr olunmuş əsərləri də Xətai Sənət Mərkəzində keçirilən sərgidə ilk dəfə nümayiş edilib və Əməkdar rəssam fəxri fərmanla təltif olunub.
Sifai SƏFƏROVA