Tədbir ADPU-da keçirilib
Fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyi ilə Filologiya fakültəsinin III tədris ili tələbəsi Lamiyə Rzayevanın layihə rəhbəri olduğu “Sabaha baxış” layihəsi çərçivəsində Heydər Əliyev məktəbinin lektoriyasında iştirakçı tələbələrlə ilk görüş keçirilib. Qeyd edək ki, layihənin icrasında əsas məqsəd gənclərin kitaba marağını artırmaq, sosial fəallığını inkişaf etdirmək, nitq qabiliyyətinin möhkəmləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, elmi-publisistik üslubda məqalə və esse yazmaq bacarığının və gənclər arasında sağlam rəqabətin formalaşdırılmasıdır.
Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova çıxış edərək mütaliənin əhəmiyyətindən, onun gənclərin bir şəxsiyyət kimi formalaşmasındakı rolundan söz açıb, tələbələrlə öz təcrübələrini bölüşüb, onlara uğurlar arzulayıb.
Tədbirin moderatoru, TGT-nin sədri Taleh Budaqov iştirakçı gəncləri salamlayaraq onlara son illər ölkəmizdə gənclərlə bağlı aparılan dövlət siyasəti, yaradılan imkanlar, gənclərin elmi və ictimai-sosial layihələrinin dəstəklənməsi təcrübəsindən məlumat verib, hər bir gənci həm tədrisdə, həm mütaliədə, həm də ictimai fəaliyyətdə fəal iştiraka çağırıb.
Layihə rəhbəri Lamiyə Rzayeva layihənin ideyasının necə yaranması haqqında məlumat verib. Sonra müsabiqənin münsiflər heyəti elan olunub və münsiflərin iştirakçılara tövsiyələri, layihə ilə bağlı fikirləri dinlənilib. Müsabiqə çərçivəsində seçim turundan uğurla keçmiş 40 tələbəyə növbəti mərhələdə mütaliə edib, esse yazacaqları əsərlərin adları açıqlanıb. Bunlar Onore de Balzakın “Qorio ata”, Corc Bayronun “Şərq poemaları” və Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” əsərləridir.
Daha sonra mövzu ilə bağlı iştirakçılarla müzakirələr aparılıb.