Dünya təhsilindəki yeniliklərdən milli-mənəvi dəyərlərimizə uyğun şəkildə bəhrələnməliyik
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələrinin özünəməxsusluğu haqqında qələmə aldığı məqaləni, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Layihədə idarəedənin pedaqoji və ictimai-fəlsəfi baxımdan məktəbin əsas hədəflərinə və özünəməxsusluğuna dair yanaşmasına da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal şəxsi fikirlərin və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.
Təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir vaxtda ümumi təhsil müəssisələrində inkişafa xidmət edən mühitin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu işdə məktəb direktorlarının üzərinə böyük məsuliyyət düşür. Hər bir ümumi təhsil müəssisəsinin rəhbəri işi elə qurmalıdır ki, yaradılan şərait nailiyyətlərin artmasına xidmət etsin.
Məktəbdə inkişafın əldə edilməsi isə təhsildə keyfiyyətin artırılması istiqamətində addımların atılması, müəllim-şagird-valideyn münasibətlərinin normal şəkildə qurulması, dünya təhsil sistemində baş verən yeniliklərdən bəhrələnmə və digər bu kimi məsələlərlə bağlıdır.
Təhsildə milli dəyərlər amili
İlk olaraq qeyd edim ki, ümumi təhsilin keyfiyyətini artırmaqla təhsilalanların təlim nəticələrini yüksəltmək, şəxsiyyətyönümlü və nəticəyönümlü təhsil məsələləri üzərində iş aparmaq, həmçinin, dünya təhsilinin qabaqcıl təcrübəsini öyrənərək mütərəqqi cəhətlərindən yararlanmaq qarşımızda duran əsas vəzifələrdəndir. Bu istiqamətlər üzrə əməli işlərin reallaşdırılması üçün bütün imkanlar da mövcuddur. İndi hər bir ümumi təhsil müəssisəsinin pedaqoji kollektivi və rəhbərliyi bu imkanlardan yararlanaraq məktəbdə inkişafı təmin edən iş qurmalıdır.
Bu istiqamətdə direktoru olduğum 129 nömrəli tam orta məktəbdə həyata keçirilən işlərdən bəhs etməmişdən əvvəl bir haşiyə çıxmaq istəyirəm. Belə ki, dünya təhsil sistemindəki yeniliklərdən bəhrələnmədən bu sahədə əsaslı irəliləyişlərə nail olmaq mümkün deyil. Amma hesab edirəm ki, dünya təhsilində baş verən dəyişikliklərdən kortəbii şəkildə istifadə etmək olmaz.
Dünya təhsilindəki yeniliklərdən yararlanarkən mütləq şəkildə nəzərə alınmalıdır ki, Azərbaycan təhsilinin öz tarixi var. Bu təhsil sistemi milli, mənəvi və ümumbəşəri dəyərlərə söykənir.
İdarəetmənin təşkili və real iş
Əslində hansı yeniliyin tətbiq edilməsindən asılı olmayaraq, məktəbdə uğurun qazanılması birbaşa işin qurulma səviyyəsindən və idarəetmənin təşkilindən asılıdır.
Məktəbimizdə idarəetmə demokratik prinsiplər üzərində qurulub. İdarəetmənin təşkili zamanı pedaqoji heyət, şagird və valideynlər, eyni zamanda, yerli mühit nəzərə alınıb. Məktəbdə hamıya bilik və bacarıqlarını nümayiş etdirmək üçün əlverişli şərait yaradılıb, hər kəs fəaliyyətində sərbəstdir. Müəllim və şagirdlər müxtəlif təkliflərlə çıxış edir, təşəbbüslər irəli sürürlər. Onların təklif və təşəbbüsləri ümumi müzakirəyə çıxarılır və məqbul sayılanları icra edilir. Bəzən belə təkliflər faydalı olur və müəyyən çatışmazlıqların aradan qaldırılmasına kömək göstərir.
Yeri gəlmişkən, məktəbin demokratik idarə edilməsində konkret “resept” yoxdur. Bu zaman mövcud şərait nəzərə alınmaqla, müxtəlif variantlardan istifadə edilə bilər. Əsas məsələ direkor başda olmaqla, məktəb kollektivinin işi düzgün qurmasıdır.
Təcrübəyə əsasən deyə bilərəm ki, məktəb rəhbərliyi irad, nöqsan və təklifləri qəbul etməli, araşdırmalı və nəticə çıxararaq obyektiv qərar verməyi bacarmalıdır. Həmçinin, müəllim əməyinin qiymətləndirilməsi, nüfuzunun artırılması məsələsini diqqət mərkəzində saxlamalıdır. Məktəbdə vəzifə bölgüsü aparılarkən istedad, savad və bacarığa üstünlük verilməli, pedaqoji kollektivin təklifləri nəzərə alınmalı, müəllimlər həvəsləndirilməli və mükafatlandırılmalıdır.
Məktəb idarəçiliyində kollektivdə sağlam psixoloji mühitin yaradılması da xüsusi rol oynayır. Belə ki, məktəb rəhbərliyi təhsil prosesinin bütün iştirakçılarının maraqlarını nəzərə almalı, onların işdən razı qalmasına, kollektivdə mənəvi-psixoloji mühitin xoş keçməsinə nail olmalıdır.
Həmçinin, təhsil müəssisəsinin rəhbəri ünsiyyət qurmaq bacarığına malik olmalıdır. O, müəllim və şagirdlərlə münasibətləri yoldaşlıq səviyyəsində qurmalıdır. Bununla yanaşı, məktəbdə hər kəsdən ümumi qayda-qanunlara riayət olunmasını tələb etməli, nizam-intizamı pozanlara qarşı ciddi tədbirlər görməyi bacarmalıdır. Məktəb direktoru həm də demokratik fikirləri ilə seçilməlidir. Belə olduqda, o, Pedaqoji Şuranın işini qura, məktəb-müəllim-valideyn əlaqələrini tənzimləyə, sinifdənxaric və məktəbdənkənar işləri təşkil edə bilər.
Bir sözlə, məktəb rəhbəri təlim-tərbiyə prosesini tənzimləməlidir. Unutmaq olmaz ki, demokratik, əlverişli pedaqoji mühit təhsildə keyfiyyətə təsir edən amillərdəndir. Əgər məktəb rəhbərliyi düzgün, nəticəyə hesablanmış qərarlar qəbul edərsə, məktəbdə daha yüksək nəticələrin əldə olunmasına zəmin yaranar.
Məktəbliyə fərdi yanaşma və göstəricilər
Məktəbimizdə şagirdlərlə işin düzgün təşkilinə olduqca ciddi yanaşılır. Burada hər bir şagird diqqət mərkəzindədir. Göstəricilərinin yüksək və ya aşağı olmasına görə fərq qoyulmadan məktəblilərə fərdi yanaşılır, onlara müvafiq istiqamət verilir. Gələcəkdə ali məktəblərə daxil olmaq potensialına malik məktəbliləri daha da həvəsləndirmək üçün müxtəlif tədbirlər həyata keçirilir.
Göstəriciləri nisbətən aşağı olan şagirdlərin peşə təhsilinə yiyələnməsi istiqamətində işlər görülür.
Ümumiyyətlə, məktəbdə şagirdlərlə münasibət düzgün qurulmalıdır. Hər bir məktəblinin dərketmə qabiliyyəti, maraqları, şəxsi tələbatları, intellektual səviyyəsi nəzərə alınmalıdır. Onların müstəqil biliklər əldə etməsinə şərait yaradılmalıdır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, məktəbimizdə yüksək nəticələr əldə olunur. Hər il məktəbi bitirən məzuların 70-75 faizi ali məktəblərə daxil olur. Şagirdlərimiz müsabiqə, olimpiada və yarışlarda birinci yerdə qərarlaşır.
Uğurlarımızla yanaşı, gözləntilərimiz də böyükdür. Əsas hədəfimiz qarşıdakı illərdə məktəbin göstəricilərini daha da yüksəltməkdir.
Esmira QULİYEVA,
129 nömrəli tam orta məktəbin direktoru