Dünyanın 100-dən çox ali məktəbinin elektron ünvanına Xocalı həqiqətlərini əks etdirən məlumatlar göndərilib


Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində Xocalı soyqırımının 27-cı ildönümü ilə əlaqədar internet aksiyası keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu qanlı soyqırımın tarixinə nəzər salaraq, erməni vəhşiliyindən, Xocalıda soydaşlarımızın başına gətirilən müsibətlərdən danışıb. Vurğulanıb ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz qəddarlığı ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda bəşəriyyətə qarşı tarixi bir cinayətdir. 

 

Universitet Tələbə Gənclər Təşkilatının sədri Zümrüd Səfərova internet aksiyasının keçirilməsinin məqsəd və vəzifələri haqqında məlumat verib, tələbələri aksiyada fəal iştiraka dəvət edib.

 

Sonra aksiyaya start verilib. Dörd saat davam edən aksiyada yerli və xarici tələbələrin iştirakı ilə dünyanın 100-dən çox  ən tanınmış ali məktəbinin elektron ünvanına ingilis, fransız, alman, rus və fars dillərində Xocalı həqiqətlərini əks etdirən məlumatlar göndərilib. Edilən müraciətlərin əksəriyyəti cavablandırılıb.