ADPU-nun Ağcabədi Filialında panel müzakirələri keçirilib


Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimai təşkilatlarının təşkilati dəstəyi ilə “Tələbə-gənclərin “Gələcəyin qurucuları” adlı I Forumu” çərçivəsində ADPU-nun Ağcabədi Filialında panel müzakirələri keçirilib. Forum ADPU-nun gənc əməkdaşı Sahil Qələndərovun Gənclər Fondunun XI qrant müsabiqəsindən qazandığı layihədir. Layihənin məqsədi region və paytaxt gəncləri arasında əlaqə yaratmaq və daimi ideya mübadiləsini təmin edəcək "fikir körpüsü" qurmaq, həmçinin müasir dövrün tələblərini tələbə-gənclərin diqqətinə çatdırıb, onlara gələcək fəaliyyətləri üçün  düzgün istiqamət göstərməkdir.

 

Forum çərçivəsində özünü inkişaf etdirmək, regionlarda təhsil alan tələbələrlə dostluq əlaqələri qurmaq istəyən hər bir ADPU tələbəsi üçün əlverişli dialoq mühiti yaradılıb. 

 

Forumun açılışında ADPU-nun Ağcabədi Filialının direktoru, dosent Mətanət Fərzəliyeva çıxış edərək bu müzakirələrin filial tələbələrinin inkişafında, onların ölkə miqyaslı layihələrdə iştirakı, gələcək karyeraları üçün əhəmiyyətli bir vasitəçilik missiyası daşıdığını qeyd edib.

 

Forumun moderatoru, ADPU-nun Tarix və coğrafiya fakültəsinin III tədris ili tələbəsi, sosial aktiv gənc Taleh Mirzəyev giriş nitqindən sonra panellər üzrə müzakirələrə start verib. Forumda “Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” və “Sosial aktivliyin gənclərin formalaşmasında rolu” panellərində müzakirələr aparılıb.

 

Tələbələri maraqlanıran suallar cavablandırılıb, onların fikirləri dinlənilib və Bakıda  yekun Foruma nümayəndələr seçilib.

 

Qeyd edək ki, Forumun yekun mərhələsi fevralın 22-də Bakı şəhərində  keçiriləcək və panellərdə ölkənin bir neçə tanınmış ictimai təşkilat rəhbərləri, ictimai xadimlər və alimlər iştirak edəcəklər. Forumun yekununda bəyənnamə qəbul ediləcək.