Ağcabədi Filialının “Sabah” komandası yarışların qalibi olub
Fevralın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialının idman zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə ADPU-nun Ağcabədi Filialının Tarix və coğrafiya fakültəsinin IV tədris ili tələbəsi Xaliq Abbasovun fərdi layihəsi olan "Sağlam gələcək idmanla gələcək" adlı gənclərin regional voleybol yarışı layihəsinin final oyunları keçirilib.
Finala vəsiqə qazanmış komandalar - ADPU-nun Şəki Filialının “Avangers”, Cəlilabad Filialının “Cənub” və Ağcabədi Filialının “Sabah” komandaları finalda mübarizə aparıblar.
Yarışdan öncə komandaların paradı keçirilib və ADPU-nun Ağcabədi Filialının fiziki tərbiyə müəllimi, yarışın hakimi Şamil Əmirli komandaların yarışa hazır olması haqqında filialın direktoru, dosent Mətanət Fərzəliyevaya raport verib. Raportu qəbul edən direktor hər üç filialdan olan tamaşaçıları, finalçı komandaları salamlayıb və onlara uğurlar arzulayıb.
Püşkatmanın nəticələrinə görə əvvəlcə Cəlilabad və Şəki filiallarının komandaları üz-üzə gəliblər. Meydandan qalib ayrılan Şəki Filialının komandası Ağcabədi Filialının komandası ilə qarşılaşıb. Gərgin keçən oyunda Ağcabədi Filialının “Sabah” komandası rəqibini 3:0 hesabı ilə üstələyərək yarışların qalibi olub.
Komandaların təltif edilməsi və layihənin bağlanış mərasimində ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, mütəxəssis (ictimai əsaslarla) Cavid Hüseynov, filialın direktoru, dosent Mətanət Fərzəliyeva, layihə rəhbəri Xaliq Abbasov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, olimpiya kateqoriyalı baş məşqçi Qadir Babayev və filial nümayəndələri iştirak ediblər.
Qalib komanda kubok və sertifikat, filial rəhbərliyi tərəfindən pul mükafatı ilə, digər komandalar isə sertifikatlarla təltif ediliblər.
Sonda xatirə şəkli çəkdirilib.