4 universitetdə akademik heyət və tələbələrlə görüşlər keçirilib
Martın 11-də ADNSU-nun 15 tələbəsi və 2 əməkdaşı - Rauf Məlikov və Həmidli Nərmin DAAD-nin Almaniyaya akademik səfər proqramı çərçivəsində bu ölkənin 4 universitetində olub, akademik heyət və tələbələrlə görüşüblər.
Səfər çərçivəsində ilk görüş Maqdeburq şəhərindəki OVGU Maqdeburq Universitetində keçirilib. Burada tələbələr universitetin kampusu ilə tanış olub, kitabxananı ziyarət edib və mexanika mühəndisliyi fakültəsinin professoru H. Altenbaxın təqdimatında mövcud təhsil imkanları barəsində məlumat alıblar.
İkinci görüş Klaustal Texniki Universitetinə keçirilib. ADNSU tələbələri Almaniya, Rusiya universitetlərinin iştirakı ilə keçirilən “Workshop”da iştirak edib, Alman Nef Mühəndisliyi Cəmiyyətinin (SPE) rəhbərinin və tələbə qrupunun, Qubkin adına Rusiya Dövlət Universitetinin tələbələrinin təqdimatlarını dinləyiblər.
Daha sonra tələbələr Zigen Universitetində olub və universitet tərəfindən təşkil edilən seminarda iştirak ediblər.
Zittau şəhərində davam edən proqram çərçivəsində tələbələr mart ayının 19-da Zittau Universitetinin enerji istehsal laboratoriyalarında olub və istehsal proseslərinin gedişinə addım-addım şahidlik ediblər.
Almaniyada iki həftəlik səfərdə olan qrup martın 25-də Azərbaycana qayıdıb.
Qeyd edək ki, səfərin bütün xərcləri Beynəlxalq Əməkdaşlıq Şöbəsinin layihəsi əsasında DAAD tərəfindən qarşılanıb.