Artım 600-ə yaxın doktorant və 110 mindən artıq tələbəni əhatə edəcək
“İlkin hesablamalara görə tələbə təqaüdlərinin artırılması üçün dövlət büdcəsindən 25 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub".
Bu barədə Təhsil Nazirliyində keçirdiyi brifinqdə təhsil naziri Ceyhun Bayramov məlumat verib. Onun sözlərinə görə, artım nəticəsində akademik göstəriciləri yüksək olan tələbələrin təqaüdü 130 manatdır: “Təqaüd bütün ali təhsil müəssisələrinə şamil ediləcək. Yəni özəl ali məktəblərdə oxuyan və akademik göstəriciləri yüksək olan tələbələr də artımla olan vəsaitləri ala biləcəklər".
Nazir bildirib ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artacaq: “Təhsilin pilləsindən, tələbənin akademik göstəricilərindən asılı olaraq edilən dəyişiklik 14 faizdən 25 faizədək olan məbləği əks etdirir. Orta hesabla 20 faizlik bir artımdan söhbət gedir. Ən böyük əıhatəliliyi olan ali təhsil pilləsindən danışırıqsa, yeni dəyişikliklərə əsasən tələbə təqaüdləri bakalavr səviyyəsində 51 baldan daha yüksək nəticə göstərənlər üçün 75 manat, 71-100 bal nəticəsi olanlar 100 manat, 91-100 bala görə isə 130 manat təöqaüd alacaq. Magistratura səviyyəsində isə 80, 120 və 145 manat müəyyən edilib. Adlı təqaüdlər həm ali təhsil müəssisələrində, həm AMEA-da 170 manat, Prezident təqaüdü 210 manat müəyyən edilib. Doktorantura pilləsi üzrə fəlsəfə doktoru hazırlıq proqramları üzrə doktorantlara 180 manat, elmlər doktoru səviyyəsində hazırlıq proqramları üzrə doktorantlara 300 manat müəyyən edilib”.
Bu artımlar həm peşə təhsili müəssisələrinə (50 man), həm də orta ixtisas təhsili müəssisələrinə şamil olunub. Peşə təhsili müəssisələrində təhsil alan tələbələr artıq 50 man, orta ixtisas təhsili müəssisələrində təhsil alanlar isə akademik göstəricilərindən asılı olaraq, 50, 60 və ya 70 manat təqaüd alacaqlar.