Millət vəkili Əflatun Amaşov: “Faciələrimizi də gənclərimizin bilməsi və gələcək nəsillərə ötürməsi vacibdir”.
“31 Mart soyqırımı”nın 100 illiyi ilə əlaqədar Bakı Mühəndislik Universitetində tədbir keçirilib. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələrlə yanaşı millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı iştirak ediblər.
Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin oxunması ilə başlayıb. Sonra 31 mart soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş olunub.
Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov bildirib ki, 20-ci əsrin bəlkə də ən susqun soyqırımı 1918-ci il mart ayının 31-də erməni daşnaklarının xalqımıza qarşı olan qətliamıdır. Susqundu, ona gorə ki, Sovet İttifaqı qurulduqdan sonra bu qanlı tarixin üzərindən dırnaqarası qardaşlıq xətti çəkildi. O dövrün mətbu orqanları bu hadisələrin üzərindən sakitcə keçdilər. SSRİ dağılan kimi yaxın keçmişimizdə mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş qanlı hadisələrin arxivləri açıldı, xalqımıza qanlı tariximiz haqqında bilgilər verildi. Ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc mülki azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ və Qazax-Gəncə istiqamətində yerləşən yaşayış məskənlərinin azərbaycanlı əhalisini qırmış və deportasiya etmişlər.
Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verilmişdir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olmuşdur.
Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbir iştirakçılarını salamlayıb və xalqımızın nümayəndələrinin dünyanın ictimai inkişafındakı rolundan danışıb. Qeyd edib ki, xalqımızın tarixi qəhrəmanlıqları ilə yanaşı soyqırımlara da məruz qalıb. Millət vəkili bildirib ki, biz gəncləri humanist, tolerant və elmi istiqamətdə tərbiyə edirik. Bununla yanaşı faciələrimizi də gənclərimizin bilməsi və gələcək nəsillərə ötürməsi vacibdir. Bu gün ölkə başçısının apardığı düzgün siyasət nəticəsində güclü iqtisadiyyatımız və qüdrətli ordumuz formalaşıb. Bu da bizə inam verir ki, yaxın vaxtlarda torpaqlarımız işğaldan azad olunacaq.
Tarix üzrə fəlsəfə doktoru, “31 Mart soyqırımı” "Türkün Xocalı soyqırımı", "Bağanıs Ayrım soyqırımı" kimi kitabların müəllifi, Akif Aşırlı qeyd edib ki, tarix tək keçmiş deyil. O, həm bu gündür həmdə gələcəkdir. Bu mövzuda tədqiqat aparan alim ölkəmizin arxivləri ilə yanaşı Böyük Britaniya , Türkiyə, İran kimi dövlətlərin arxivlərində də “31 Mart soyqırımı” ilə bağlı sənədlərdə olan faktlardan danışıb. İnsanlarin işgəncə ilə qətlə yetirilməsi ilə yanaşı həmin dövrdə təhcizatın, xüsusən mətbələrin də dağıdıldığını diqqətə çatdırıb.
Çıxışını sual-cavab formatında quran Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ölkəmizin yerləşdiyi coğrafi mövqeyin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu səbəbdən də xarici qüvvələrin həmişə ölkəmizdə gözü olub. Ermənilər də xarici qüvvələrə alət olaraq öz mənafeləri üçün tarixən xalqımıza qarşı belə soyqırımlar törədiblər. Bu gün də ölkəmizə qarşı xarici qüvvələr tərəfindən bu istiqamətdə işlər aparılır.