Xədicə Mehdiyeva: “Hamı ayağa qalxıb Azərbaycan! Azərbaycan! söyləyirdi”
Uşaq, yeniyetmə və gənclər arasında istedad və bacarıqları ilə fərqlənənlər çoxdur. Müxtəlif yaradıcılıq mərkəzlərində, dərnəklərdə, studiyalarda ilkin fitri istedadlarını inkişaf etdirən, hələ erkən yaşlarında ikən artıq səhnələrdə görünən, müxtəlif nominasiyalı müsabiqələrə qatılan, hətta beynəlxalq tədbirlərdə belə ölkəmizi layiqincə təmsil edə bilən övladlarımız var. Biz də zaman-zaman qürur mənbəyimiz olan bu istedad sahiblərini aşkar edir, onları geniş oxucu auditoriyasına tanıdırıq. Bugünkü həmsöhbətim də elə qeyri-adi istedadı, orijinal fikir və düşüncələri ilə fərqlənən Xədicə Mehdiyevadır. Söhbət zamanı ona tam sərbəst olmağı təklif etdiyim üçün ürəyini o ki, var boşaltdı:
Violini mənə sevdirən bir film oldu
2004-cü ildə Kürdəmir rayonunda ziyalı ailəsində anadan olmuşam. Hazırda Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində S.Əzizov adına tam orta məktəbin IX sinfində təhsil alıram. Dərs əlaçısıyam. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edirəm. Dəfələrlə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla mükafatlandırılmışam. Lap erkən yaşlarımdan musiqiyə böyük həvəsim olub. Yaxşı yadımdadır, tarixi bir filmə baxırdım. Filmdə Süleyman adlı bir oğlanın violində ifa etdiyi mahnını həvəslə dinlədim. O gündən bu musiqi alətinə marağım artdı və valideynlərim bunu hiss etdiklərinə görə tərəddüd etmədən mənə də bu aləti aldılar. Ertəsi gün valideynlərim məni paytaxtdakı 7 nömrəli musiqi məktəbinin violin ixtisası üzrə I sinfinə qoydular. Həmin vaxtdan bu musiqi aləti mənim ən yaxın dostum və sirdaşımdır. Biz həmişə bir yerdəyik, inanın ki, həyatımı onsuz təsəvvür belə edə bilmirəm. O qədər mənə sevincli anlar yaşadıb ki! Çoxlu uğurlarım, qazandığım alqışlar sanki onun mənə hədiyyəsi, onun mənə mükafatıdır. Mən onun məlahətli səsini sevdirmişəm, o isə mənim lirikamı tamaşaçılara, dinləyicilərə sevdirib. Elə buna görə də onu özümə dost və sirdaş sanıram.
“Lad” festivalında
Çoxlu konsertlərdə iştirak etmişəm. Həmişə də I yeri tutaraq diplomlar qazanmışam və sevimli violinimə üz tutub demişəm ki, bu uğurlarda onun da payı var. 2012-ci ildə mən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) məktəb-studiyasının II sinfinə daxil oldum. Gülnarə Quliyevanın sinfində violin ixtisasının sirlərinə daha dərindən yiyələnməyə başladım və eyni zamanda fortepiano təhsili almağı da qərarlaşdırdım. Çünki bu musiqi alətinin də sehrinə az düşmürdüm. 2014-cü ildə ümumrespublika “Lad” festivalında iştirak edərək violin üzrə laureat, fortepiano üzrə isə diplomant diplomlarını qazandım.
Yolboyu həyəcanımı gizlədə bilmirdim
2015-ci ilin sentyabr ayı həyatımda ən yaddaqalan izlər buraxdı. Eşidəndə ki, Bolqarıstanın Albena şəhərində keçirilən “Orfeyin varisləri” adlı beynəlxalq müsabiqədə iştirak edəcəyəm, çox sevindim. IV sinif şagirdi üçün beynəlxalq müsabiqəyə qatılmaq əlbəttə çox məsuliyyətli, həm də risqli idi. Yəqin bu fikrimlə siz də razılaşarsınız. O vaxta qədər Bakıdan bir addım da kənara çıxmamışdım. İlk dəfə yad ölkədə mötəbər bir tədbirə qatılacaqdım. Buna baxmayaraq mən həmin müsabiqədən qələbə ilə qayıdacağımı da qət etdim. Vaxt yetişəndə hazırlaşıb atamla yola düşdük. Ancaq yolboyu həyəcanımı gizlədə bilmirdim. Birdən uğur qazanmasam, müəllimlərimin, valideynlərimin üzünə necə baxacağam, düşünürdüm. Yox, qalib gələcəyəm, öz-özümə dedim və sakitləşdim. Buna əsasım da var idi, çünki, sözün tam mənasında, yaxşı hazırlıqlı idim, gecə-gündüz öz üzərimdə çalışırdım. Sadəcə mənə tabe olmaq istəməyən bu həyəcan hissi öz işini görür, arabir kefimi pozurdu.
Onlar maraqla musiqimi dinləyirdilər
... Müsabiqə yüksək səviyyədə təşkil olunmuşdu. Yarış başlamazdan öncə məşq edirdim. Proqrama həm klassik, həm də Azərbaycan musiqisi daxil edilmişdi. Oteldə olarkən Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Məhmənə-Banu və vəzir” rəqsini ifa edirdim ki, birdən qapı döyüldü. Bir qrup insan içəri daxil oldu. Onlar maraqla musiqimi dinləyirdilər. Razılıq ifadələrini üzlərindən oxuyanda həyəcanla birdəfəlik olaraq xudahafizləşdim.
İlk uğuruma imza atdım
... Müsabiqə başladı və növbə mənə çatanda adımı səsləndirdilər. Mən özümü toparlayaraq səhnəyə çıxdım. Tərslikdən yenə qeyri-ixtiyari olaraq həyəcan hissi məni yaxaladı, ancaq səhnəyə çıxan kimi də qeyb oldu və özümü ələ alıb münsiflər heyətini, zaldakı iştirakçıları salamladım. Dünya bəstəkarlarından A.Vivaldinin konsertinin III hissəsini ifa edib qurtaranda gözlərimə inanmadım. Hamı ayağa qalxıb, Azərbaycan! Azərbaycan!-deyə qışqırmağa başladı. Atamın sevincdən gözlərinin yaşardığını gördüm. Həmin gün qürur hissi keçirirdim, sanki bütün dünyanı mənə bağışlamışdılar. Qeyd edim ki, müsabiqədə Azərbaycandan yeganə iştirakçı da elə mən idim. Almaniya, Rusiya, Türkiyə, Avstriya, Koreya, Çin, Rumıniya, Gürcüstan, Bolqarıstan və digər ölkələrin nümayəndələri də iştirak edirdilər. Həmin müsabiqədə mən III yeri qazandım və ilk uğuruma imza atdım. Həm violində, həm də fortepianoda məharətli ifam münsiflər heyətini heyran etmişdi. Onlar hamısı tanınmış musiqiçilər-professorlar idilər. Bir çox ölkədə ustad dərsləri keçən Tamara Poddubnaya da onların arasında idi. O, ifalarımı çox bəyəndiyinə görə məni Nyu-Yorkda “Long Island Conservatory of Music”ə dəvət etdi. Bu konservatoriyaya xüsusi istedadı olan uşaqlar qəbul olunurlar.
Təhsilimi vətənimdə davam etdirəcəyəm
Amma doğma Azərbaycanda təhsilimi davam etdirmək mənim üçün daha çox önəmlidir. Artıq ifalarım tamaşaçılar tərəfindən maraqla qarşılanır. Bu istiqamətdə fəaliyyətimi davam etdirməyi, musiqi sənətinin sirlərinə daha dərindən yiyələnməyi düşünürəm. Çəkdiyim əziyyətlər də hədər getmir, çalışqanlığım sayəsində çoxlu sayda respublika və beynəlxalq müsabiqələrin laureatı adını qazanmışam. 2016-cı ildə Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III respublika elmi-ifaçılıq müsabiqəsində və 2018-ci ilin aprelində “Akademik, xalq və caz musiqisi” respublika festivalında laureat adına layiq görülmüşəm. 2018-ci il mayın 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının şagirdlərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konserti keçirildi. Müxtəlif ixtisaslar üzrə məktəbin ən yaxşı şagirdləri böyük həvəslə çıxış edərək alqışlarla qarşılandılar. Mən də onların arasında idim. Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirildi. Vittorio Montinin “Çardaş” əsərini violin ifaçısı Nurəddin Abdullayev və mən duet şəklində ifa etdik.
Arzularımı gerçəkləşdirəcəyəm
Daha böyük nailiyyətlər əldə etmək, beynəlxalq müsabiqələrdə Azərbaycanı layiqincə təmsil etmək arzuları ilə yaşayıram və bu arzuları gerçəkləşdirmək üçün öz üzərimdə yorulmaq bilmədən çalışıram. Bakı Musiqi Akademiyasının məzunu olmaq da gələcək arzularımdan biridir. Amma ikinci ali təhsil almaq arzum da məni rahat buraxmır. Qeyd edim ki, müəllim şagirdlərinin yaxın dostu, sirdaşıdır. Bizi daim düzgün addım atmağa sövq edən bir varlıqdır. Uğur qazanmağımda əməyi olan müəllimlərimə minnətdaram.
Muğamı da çox sevirəm
Yeri gəlmişkən, mən muğamı da çox sevirəm və düşünürəm ki, musiqinin şahı da, tacı da elə muğamdır. Tədbirlərdə M.Maqomayevin “Sevgili canan”, “Əziz ana”, xalq mahnılarından, “Küçələrə su səpmişəm”, “Almanı atdım xarala” və digər mahnıları ifa edirəm.
... Xədicə balamız danışdıqca mən onun sevib-seçdiyi ifaçılıq sənətinə vurğunluğuna valeh olurdum. Söhbətimizin sonunda isə onun violində və fortepianoda ifa etdiyi bir neçə mahnının lent yazılarını dinləyərkən qeyri-ixtiyari özümün də kövrəldiyimi hiss etdim və buna zərrə qədər də təəccüblənmədim. Musiqinin ağır yükünü qəlbində daşıyan , onu öz nağıl dünyasının qanına hopduran bu yeniyetmə istedad sahibinin parlaq gələcəyinə vurğunluq idi mənim kövrək hisslərim, ruhumu mahnı qanadlarında pərvazlandıran. Və elə bu coşqunluqla da ifalarını böyük səhnələrdən eşitmək arzusu ilə onunla xudahafizləşdim.
Sifai SƏFƏROVA