Martın 29-da Azərbaycan Dillər Universitetində (ADU) “Müqayisəli folklor” elmi-tədqiqat laboratoriyası, “Xarici ölkələr ədəbiyyatı” kafedrası, “Azərbaycan ədəbiyyatı” kafedrası və magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” və “Beovulf” eposlarında qəhrəmanlıq kodları” adlı "dəyirmi masa" keçirilib.

 

Universitetdən  daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan “Müqayisəli folklor” elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Həmidə Əliyeva rəhbərlik etdiyi laboratoriyanın əsas məqsədinin Azərbaycan xalqının ana kitabı olan “Kitabi-Dədə Qorqud” eposu ilə dünya xalqlarının, xüsusilə Qərbi Avropa xalqlarının epik ənənəsini müqayisəli-tipoloji şəkildə öyrənməkdən ibarət olduğunu deyib.

 

Sonra İranın Pəyame-Nur Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının müəllimi Araz (Abbasəli) Əhmədoğlu "dəyirmi masa"nın təşkil olunmasına görə universitet rəhbərliyi və əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib. O, “Kitabi-Dədə Qorqud” və “Beovulf” eposlarında qəhrəmanlıq kodları” mövzusunun ölümsüzlük və ölümcüllük anlamlarının müqayisəli tədqiqi ilə bağlı olduğunu söyləyib.

 

Sonda Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Araz Əhmədoğlunun tərcümə fəaliyyəti, yazdığı monoqrafiyalardan bəhs edib. M.İmanov “Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanlarında mifoloji əsaslar, qəhrəmanlıq simvolları, mifologiyada xaos-kosmos münasibətləri barədə ətraflı məlumat verib.

 

"Dəyirmi masa" diskussiya şəklində başa çatıb. 

 

Şakir CƏFƏROV