Ömər Məmmədov: “Məqsədim Türkiyədə magıstr təhsili almaqdır”


Ömər Məmmədov 2000-ci ildə Bakı şəhərində anadan olub. 2017-ci ildə Bakı Atatürk Liseyini bitirib. Həmin il Türkiyənin Mərsin Universitetinin Maliyyə bölümünə daxil olub. Hazırda  2-ci kursda oxuyur.

 

-Ömər  necə oldu ki, xaricdə təhsil almaq  qərarına gəldin?

 

-Bu, mənim uşaqlıq arzum idi. Çünki xaricdə təhsil  alanlara həmişə həsədlə  baxmışam.

 

-İndi payız semestrini  uğurla  başa vurub, valideynlərinin  yanına – Azərbaycana qayıtmısan. Oxuduğun təhsil ocağı  barədə oxucularımıza nə deyə bilərsən?

 

-Təhsil aldığım  ai məktəbdə  yaxşı oxumağımıza  univesitet  rəhbərliyi  tərəfindən hər cür şərait yaradılıb. Hazırda bir qrupda 6 həmyerlimlə   oxuyuram. Hansımızın nədənsə çətinliyi olarsa,  onda  bir-birimizə  yaxından kömək edirik.

 

-Universitetin  ictimai həyatında da  iştirak edirsənmi?

 

-Əlbəttə. Universitetin ictimai işini öz doğma işim  hesab edirəm.  Universitetdə “Biologiya” və “Sinema” klublarında iştirak edir,  psixologiya və  iqtisadiyyat üzrə keçirilən konfranslara   qatılıram. Kitabxanada  maraqlı tədbirlərin  də  fəal iştirakçısı oluram. 

 

-Bəs, bekar vaxtlarında nə ilə  məşğul olursan?

 

-Universitetin kitabxanasında  mütaliə etməyi sevirəm. Eyni  zamanda idmanla məşğul olmağı da yaddan çıxarmıram.

 

-Universiteti qurtardıqdan sonra  təhsilinizi  davam etdirmək  fikrin  varmı?

 

-Məqsədim Türkiyədə magistr  təhsili almaqdır. Sonrasını  da həyat özü göstərər...

 

-Bakıda tətildəsən.  Orta məktəbdə  sənə dərs deyən, zəhmətini çəkən müəllimlərinlə  heç görüşə  bilibsənmi?

 

-Nəinki Bakıda, elə Türkiyədə olanda da  müəllimlərimlə əlaqə  saxlayıram.  

 

Məlumdur ki, dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir...

 

Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Ona görə də  harda olmağımdan asılı olmayaraq, mən müəllimlərimi  çox sevirəm. Çünki onlar mənim ikinci valideynlərimdir.

 

 

Şakir CƏFƏROV