Mirismayıl İsmayılov: “Bacım arzularını ifa ilə təqdim edir, mən isə rəsm əsərimlə”
Ata-ana üçün bundan böyük sevinc nə ola bilər?! Təsəvvür edin ki, bir ailədə iki istedad yetişir. Və onlar bacı-qardaşdırlar. Ağlı, zəkası, davranışı, nizam-intizamı, əxlaqı ilə seçilən bu yeniyetmələr təhsil aldıqları məktəbin də fəxri sayılırlar. İlk görüşdə onlar mənə çox xoş təsir bağışladılar və tezcə də doğmalaşdıq. Olduqca səmimi, həlim xarakterli qeyri-adi istedad sahibləri ilə söhbətimiz də ürəkaçan idi.
... Öncə özlərini təqdim etdilər: Dünya İsmayılova və Mirismayıl İsmayılov. Söhbətimiz təsəvvür etdiyimdən də maraqlı keçdi, çünki bu yeniyetmə bacı-qardaşlar, sözün tam mənasında, istedad sahibi idilər. Onlarla həmsöhbət olmaq, fikir mübadiləsi aparmaq həm xoşdur, həm də çox rahat. Tərcümeyi-hallarını dinləmək özü bir ruhi rahatlıq bəxş edirdi insana. Dünya özü haqqında məlumat verərkən ani olaraq gülümsədi və dedi:
Arzularım tükənməzdir
Düz deyirmişlər ki, arzular sonsuz olur. Mənim də arzularım tükənməzdir. Ən böyük arzum musiqimizi dünya arenasında tanıtdırmaqdır. Bunun üçün də səylə çalışıram. İdmanı da çox sevirəm. Uşaqlıqdan gimnastika ilə məşğul oluram. Dünya rəqslərini və milli rəqsləri həvəslə ifa edirəm.
İbtidai sinfi əla qiymətlərlə bitirmişəm
Bəlkə də bu özü bir xoşbəxtlikdir ki, biz paytaxtda təhsil almışıq, necə deyərlər, arzularımızın reallaşdığı məkanda. Mən 2007-ci ildə Bakıda anadan olmuşam. Hazırda Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının VI sinfində Natəvan Həsənovadan kanon təhsili alıram. İbtidai sinfi əla qiymətlərlə bitirmişəm. İbtidai sinifdə dəfələrlə yoldaşlarımdan fərqləndiyimə görə fəxri fərmanlar qazanmışam.
Bu alətin sehrində
Kiçik yaşlarımdan televiziya kanallarında musiqi verilişlərini izləyirdim. Xüsusən də kanon alətini görəndə gözlərimi ondan çəkmirdim. Bu alətin sehrli səsi sümüyümə işləyirdi, qeyri- adi hisslər keçirirdim. Sonralar valideynlərim mənə bu musiqi alətini də aldılar. Elə sevinirdim ki! Ötən bu illər ərzində mən dəfələrlə beynəlxalq müsabiqələr qalibi olmuşam.
O, xoşbəxtlərdən biri də elə özüməm
Uğurlarım günü-gündən artır. Valideynlərim da mənim nailiyyətlərimə çox sevinirlər. Demək olar ki, hər gün dünya bəstəkarlarının əsərlərini dinləyirəm və musiqinin dərin sirlərinə yiyələnirəm. Mən ümumiyyətlə, dünya klassiklərinin melodiyalarını dinləməyi bir xoşbəxtlik sanıram və düşünürəm ki, o xoşbəxtlərdən biri də elə özüməm. Saatlarla dinləməkdən doymuram onları. Bu əsərlər insanı ecazkar aləmlə qovuşdurur.
Onlar mənə kömək edirlər
... Bütün fəsilləri xoşlayıram, amma yay fəslini daha çox. Çünki tətil günlərində öz üzərimdə çalışmağa vaxt daha çox olur. Mən kanonda ifa edəndə anam da, nənəm də dinləyirlər, bəzən xalalarım da. Onlar da pianoda çalmağı bacardıqlarına görə iradlarını və məsləhətlərini əsirgəmirlər. Necə deyərlər, mənə evdə müəllimlik edirlər və bu, mənə çox kömək edir.
Nənəmi mən arzusuna qovuşdurdum
Qeyd edim ki, nənəmin adı da Dünyadır. Hər gün əsər ifa edərkən ilk öncə sevimli nənəm qulaq asır və dəyərləndirir. Bilirsiniz nənəmi nə qədər çox sevirəm?! Adı kimi dünyalar qədər əzizdir mənə. O, çox istəyirdi ki, nəvələrindən biri kanon alətində ifa etməyi bacarsın. Arzusuna qovuşdurduğum üçün o, məni çox istəyir.
I yeri tutdum
...Rəşid Behbudov adına Dövlət Mahnı teatrında “Ümid-2019” beynəlxalq incəsənət müsabiqəsi keçirilirdi. Konsertdə iştirak edərkən zalda gözlərim nənəmə dikildi. Baxışlarımla hər şeyin yaxşı olacağını işarə edirdim. Yaxşı hazırlaşdığıma görə bilirdim ki, uğur qazanacağam. Belə də oldu. Sanki nənəmin xeyir-duaları nəticəsində kanon üzrə I, fortepiano üzrə III yeri tutdum. İlk öncə nənəm məni təbrik etdi. Sənin uğurların məni göylərə qanadlandırır,- dedi. Mənimlə məşğul olan fortepiano müəllimim Svetlana Əhmədovaya da qazandığım uğurlara görə minnətdarlıq edirəm.
Özümə güvənirəm
Dəfələrlə musiqi yarışmalarında I yerə layiq görülmüşəm. Yaddaşım çox güclüdür, özümə güvənirəm. Bir dəfə əsərə baxmaqla notları yadımda saxlayıram. “Gənclərə dəstək” layihəsi çərçivəsində Kamera və Orqan zalında dəfələrlə çıxış etmişəm. Yeri gəlmişkən deyim ki, gimnaziyada kanon ifaçılarından ibarət ansambl fəaliyyət göstərir. Ansamblın fəal üzvlərindən biri də mənəm. Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin qalibi olmuş gimnaziyanın layihə üzvlərinin tərkibində Qəbələ şəhərində I nömrəli məktəbdə keçirilən tədbirdə mən və qardaşım İsmayıl da iştirak edirdik.
Birinci nənəmə zəng etdim
Uğurlarm lap çox olub. 2018-ci ildə CASPİ ART Uluslararası sanat yarışmasına qatıldım. Kanon aləti üzrə keçirilən yarışmada I yeri qazandım və diploma layiq görüldüm. Həmin gün sevincimin hədd-hüdudu yox idi. Birinci nənəmə zəng etdim və sevincimi onunla bölüşdüm. Çox kövrəlmişdi. “Payız əfsanələri” beynəlxalq incəsənət müsabiqəsində isə laureat adını qazandım. Kanon müəllimim Natəvan xanım da mənim uğurlu ifama görə çox sevindi.
Konservatoriyanın tələbəsi olmağı arzulayıram
Çalışıram gələcəkdə müəllimim kimi sənət bilicisi olum. Onda özümü dünyanın ən xoşbəxt adamı sanaram. Bu, hələ ki, arzu olsa da onu gələcəkdə reallaşdıracağıma söz vermişəm. Milli Konservatoriyanın tələbəsi olmağı arzulayıram. Hazırda isə Moskvada və Türkiyədə keçiriləcək beynəlxalq musiqi yarışmalarına qatılmaq üçün öz üzərimdə əzmlə çalışıram.
Qardaşım da istedadlıdır
Qardaşım Mirismayıl da istedadlıdır. O da gimnaziyada VIII sinifdə oxuyur, təsviri və tətbiqi sənət şöbəsində Esmira Məmmədəli qızından rəssamlıq sənətinin sirlərini öyrənir. Mirismayıl 5 yaşından rəsmlə məşğul olur. Təbiət mənzərələrini təsvir etməyi çox sevir. 100-ə yaxın rəsm əsərləri var. Evdə bir otağımız onun emalatxanasıdır, hara baxırsan onun əsərləridir. Əsasən qırmızı, yaşıl və narıncı rənglərə üstünlük verir. Əlinə fırça alıb nəsə bir rəsm çəkəndə fantaziyasının gücündən məharətlə istifadə edir. Mövzü üzərində kifayət qədər düşünməyi bacarır. Çəkdiyi rəsm əsərləri elə bil dil açıb danışacaq.
Bayaqdan bacısının danışığına diqqət kəsilən Mirismayıl da söhbətimizə qoşuldu və yavaş-yavaş yiyələnməyə çalışdığı rəssamlıq peşəsinin onun maraq dairəsində necə göründüyünü təsvir etməyə başladı. O, danışdıqca qeyri-adi istedad sahibi olduğu da açıq-aydın duyulurdu. Mirismayılın yaratdığı kompozisiyaların əksəriyyəti mövzu etibarı ilə mürəkkəb olur. Bu da onun dərin fəlsəfi düşüncəyə malik olduğuna bir işarədir. Gündə 5 saat rəsm çəkməyə vaxt ayırdığı onun da öz seçdiyi peşəyə ciddi yiyələnəcəyi barədə ümid verir.
Bacımla mənim təbrikim ən qiymətli hədiyyə olur
Mirismayılın söylədiyi bir fikir də ürəyimcə oldu. Dedi ki, qohumların ziyafət məclislərində, ad günlərində bacım öz təbrikini, arzularını kanonda səsləndirdiyi ifa ilə təqdim edir, mən isə rəsm əsərimlə. Və elə ən qiymətli hədiyyə də bizim hədiyyələrimiz sayılır. Sanki dünyanı bağışlayırıq onlara. Eyni zamanda idmanın bütün növlərini də sevirəm. Amma futbolsuz qala bilmirəm. “Vətən” idman klubunda məşğul oluram. Bacımla birlikdə üzgüçülüyə də gedirik.
Vətənpərvərlik mövzusunda rəsmlərim çoxdur
... Dəfələrlə televiziya kanallarında dostluq, vətənpərvərlik və təbiət mövzularında çəkdiyim rəsmlərim nümayiş olunub. Azərbaycan rəssamlarından - Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun əsərlərinə həmişə diqqət yetirirəm. 2013-cü ilin mayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ümumtəhsil məktəbləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən respublika rəsm müsabiqəsində II yeri tutdum və diploma layiq görüldüm. “Payız düşüncələri-2016”, “Mənim düşüncələrim-2017” adlı uşaq rəsm müsabiqələrində fəal iştirakıma görə diplomlarla mükafatlandırılmışam. Az.TV kanalında “ Mən də uşaq olmuşam” verilişində iştirak etmişəm. 2017-ci ildə “Fövqəladə hallar uşaqların gözü ilə” rəsm yaradıcılıq müsabiqəsində fəxri fərmana layiq görülmüşəm. Yunanıstanda keçirilən rəsm müsabiqəsində isə II yeri qazanmışam.
Memar olacağam
Ötən il CASPİ ART Uluslararası sanat yarışmasında təbiət mövzusunda işlədiyim rəsmlər bəyənildi və II yerə layiq görüldüm. Ümumiyyətlə, uğurlarım az olmayıb və gələcəkdə də valideynlərimin, müəllimlərimin ümidlərini doğrultmağa çalışacağam. Bu, mənim də, bacımın da qarşımıza qoyduğumuz məqsəddir. Gələcəkdə isə memar olmaq arusu ilə yaşayıram.
... Biri musiqi, biri isə rəsm sahəsində özünü doğrultmağa can atan və kifayət qədər uğurlara nail olan yeniyetmə bacı-qardaşla saatlarla söhbət etmək xoş olardı. İstedadlarına heyran qaldığım bu yeniyetmələrlə xudahafizləşərkən onların öz valideynlərinə bəxş etdikləri sevinc hisslərini bir ana olaraq mən də yaşadığımı etiraf etdim və xoşbəxt ailənin üzvlərinə gələcək fəaliyyətlərində uca zirvələri fəth etməyi arzuladım.
Sifai SƏFƏROVA