Sərvinaz Abbasova: “Elə bilirəm ki, ancaq və ancaq müəllim olmaq üçün doğulmuşam”


Maraqlıdır insanlar. Hərəsi bir kitabdır. Həmsöhbətimiz 286 nömrəli orta məktəbin qabaqcıl müəllimi, ibtidai siniflər üzrə metodist Sərvinaz Abbasova kimi.  O, özündən danışır, mən dinləyirəm. İllər öncə  Pedaqoji İnstituta qəbul üçün imtahan versə də, nəticəyə nail ola bilməyib. Ona görə yox ki, savadı, bacarığı çatmayıb. Ona görə ki, anasının ağır xəstələndiyi və əməliyyat olunacağı xəbərini alıb. Təhsilini başlamamış yarıda qoyub, Qafana qayıdıb. Bir müddət sonra ailəsinin məcburi köçkün ediləcəyi kəndə. Uzun müddət anasına qulluq edib və qərara gəlib ki, institutun qiyabi fakültəsinə təkrar sənəd versin. Sonra atasına maraqlı bir təklif edib. Məni yanında işə götür. Sərvinaz müəllim deyir ki, atasının katibəsi işləyəndə ona bir tövsiyə verib. Söyləyib ki,  həmişə qürurlu ol, məndən də kim nə danışsa, sus, müdafiə etmə. Kimsəylə münasibətlərini atan olan müdirinə görə pozma. Bəlkə  kiminsə qəlbinə toxuna bilər sözüm, o da deyinər, sən istənilən halda sus. Bu məsələlərə sənin aidiyyətin olmamalıdır. Müəllimə deyir ki, gənc kadr kimi aldığı bu ilk dərs onun hələ də həyat prinsipi olaraq qalır.  Bir də anasını xatırlayır. Anam qulluğunda durub əziyyət çəkməyimə pis olurdu. Deyirdi mənə görə işin yarıda qaldı, fədakar qızım... Mənə həyatda bundan böyük qiymət ola bilməz. Anamın fədakar qızı idim.

 

Bu fədakarlığına qədərsə o, Abbasovlar ailəsinin balaca bir qız cocuğu idi...

 

 

Qafanlı qız...

 

 

Əslən Qərbi Azərbaycandanıq. 1960-cı ildə Qafanda anadan olmuşam, ziyalı ailəsində. Atam kəndimizin məktəbində direktor idi, anamsa evdar qadın. Ailədə altı uşaq olmuşuq, üç bacı, üç qardaş. Mən ortancıl, üçüncü qız övladı idim. O vaxt insanların çoxu üstünlüyü oğlan övladına verib. Nənə mən doğulanda zarafatla deyib ki, gəlin bu qızın adını Bəsti qoyaq. Babam uzun müddət Bakıda neftçi işləmişdi, onun baxışı, dünyagörüşü dövrünə görə çox fərqli idi. Deyib ki, hamınızın acığına qızlarımı nazlandırmağa davam edəcəyəm. Yəni əvvəli nə olsa, sonu ancaq “naz”la bitəcək. Mənim adım belə Sərvinaz olub. Ancaq qəribə burasıdır ki, məndən sonra üç qardaşım dünyaya gəlib. Beləcə, bizdən babam qədər nənəm də razı qalıb.

 

 

Ağlımdakı Qafan...

 

 

Dünyanın harasına getsəm də, mənim üçün vətən Qafandır. Bu gün belə geri dönərəm. Kəndimiz, xatirələrim, uşaqlığım, gözəl anlar, yaxınlarımızın məzarları, hər şey ordadır. Ora bizim bir parçamızdır. Təbiətinin isə müqayisəsi yoxdur. Kislovodski görmüsünüz yəqin. Bax, oranı görmüş, Qafanı görmüş, çox yaxın təbiəti var bu iki şəhərin. Mənə bir müddət öncə görüntülərin təqdim etmişdilər. Baxdm ki, bizim kənddə yaşayış var. Evimizdə də kimsə yaşayır, özümü saxlaya bilmədim, ağladım, o günlər film lenti kimi gözümün qarşısından keçdi. Ordan atamın, anamın, qardaşımın necə gəlməsini unuda bilmirəm.

 

 

Ailəmi qoruyan ştamp...

 

 

O zaman azərbaycanlıları çıxaranda böyük təhlükə var idi. Adamları çox incidirdilər. Bu səbəbdən atam rəhbərlik etdiyi məktəbin dövlət əhəmiyyətli sənədlərini özü ilə götürdü. Düzdür, cinayətlərini edirdilər, amma dövlət qulluğunda olan azərbaycanlılara açıq-aşkar təzyiq edə bilmirdilər, qorxurdular. O üzdən bizim ailənin əşyalarını maşınla sərhədə qədər gətirdilər. Atam şərt qoymuşdu ki, bizim adamların birinə də bir şey olmamalıdır. Əks halda ştampı onlara verməyəcəyini bildirmişdi. Niyə bilmirəm, amma çəkinib bir söz deməmişdilər və bizimkilər sərhədi keçəndən sonra atam sənədləri verib özü keçmişdi.

 

İndi atam da, anam da dünyasını dəyişib. Hər ikisində vətən, torpaq nisgili var idi. Qafandan gələn gündən anam nə yedi, nə içdisə, “bala, ağzımın dadı yoxdur”,- dedi. Qardaşlı-bacılı ona etmədiyimiz, almadığımız qalmırdı. Axırda gedib qardaşlarım bazarlığını Ordubaddan edirdi ki, ay ana, dağın o tərəfi Qafandır, bu tərəfi Ordubad, özümüzün, qohumlarımızın həyətindən ting gətirib əkib becəriblər bu meyvələri. Meyvəni ovcunda tutur, bəzən bir balaca dişləm alıb, yavaşca yerə qoyub kövrəlir, deyirdi: “Sizi inandıra bilmirəm ki, heç birindən Qafan torpağının dadı gəlmir”. Sizə deyim ki, anam qədər Qafanın həsrətini çəkən ikinci adam kiçik qardaşımdır. Bilmirəm, bəlkə də ona görə ki, ata-anamla kənddən ən son çıxan o idi. İndi də deyir ki, hər şey düzəlsə, mən bu dəqiqə qayıdaram. Baxmayaraq ki, burda qurduğu şəraiti ora qayıtsa bəlkə də qura bilməz.

 

 

Direktor atanın şagird övladları...

 

 

Əslində, bəlkə kimsə deyər ki, ata rəhbər olan yerdə şagird olmaq asandır, bütün müəllimlər güzəşt edər. Mən deyirəm ki, bu, ağırdır və məsuliyyətdir. Hər gün anam altı uşağının altısını da qarşısına alıb bir-bir dərslərini soruşurdu. Cəsarətimiz çatmazdı bir cümləsinə cavab verməməyə. Bunun üstündən də axşam atama dərs danışardıq.

 

Anam atamdan söz eşitməsin deyə, bizim hazırlıqsız olmağımıza yol verməzdi. Bundan başqa, əynin həmişə səliqəli, saçın hörüklü olmalı idi. Bir artıq hərəkət etməyin də mümkün deyildi. Üstəlik, müəllimlərin də tapşırığı var idi. Düzü, o zamanlar bezirdik, nə qədər oxumaq olar axı. İndi nail olduqlarımız göstərir ki, oxumasaydıq, nəsə edə bilməzdik. İndi bəzən öz övladlarım da deyir bunu mənə hərdən. Tələbkar olmağımı yadıma salır. Hərdən oğlum deyir ki, “ay ana, mənə məktəbdə nəfəs almağa imkan vermirdin”. Deyirəm, oğul, nəfəs alsaydın, BDU-nun hüquq fakültəsini fərqlənmə ilə bitirib, indi işlədiyin yerdə işləyə bilməzdin.

 

 

Məşulət müəllim...

 

 

Bir tarix müəllimim vardı, Məşulət müəllim, qəribə addır, bilirəm. Amma onun kimi gözəl mütəxəssis indi çıraqla gəzilir bəlkə. Mənim tarix dərsindən gedib kitab oxuduğum yadıma gəlmir. Həmişə də ən yüksək qiymət almışam. Dərsi elə izah edirdi ki, onun dediklərini kitabdan oxumağa ehtiyac qalmırdı. Səhər demək olar ki, hər kəs dərsinə hazır gəlirdi.

 

 

Müslət müəllim...

 

 

Bir də Müslət müəllimi heç zaman unutmaram. O zaman qadın müəllimlər son dərəcə az idi. O üzdən ibtidai siniflər üzrə metodistlərin də çoxu kişi müəllimlər idi. İndi statistika aparsaq, bəlkə belə adamlar artıq yoxdur. Yəni ibtidai siniflər üzrə metodist olan kişi müəllimlərini deyirəm. O adam dərsi o qədər sadə, rahat keçirdi ki, yorulduğum ağlıma gəlmir. Mən evə gələndə onun kimi dərs keçirdim rəfiqələrimə. Elə ibtidai sinif müəllimi olmağım da ona baxıb həvəslənməyimin nəticəsi idi. Sizə bir söz də deyim. İndi dövr və zaman fərqlidir. Düşünəndə mənə elə gəlir ki, insanlar səbirsiz olub. Amma mən bizim peşədə olan bütün həmkarlarıma məhz bunu diləyirəm, səbirli olmağı. Çünki bütün uğurlara ancaq səbirlə nail ola bilərik.

 

 

52-də başlayan pedaqoji yol...

 

 

Müəllim kimi ilk iş yerim 52 nömrəli məktəb olub. Bir gün direktorumuz 286 nömrəli məktəbə yeni təyinat aldı. Məni yanına çağırıb dedi, qızım, sən və daha iki müəllim bu məktəbdən mənim yeni təyin olunuğum yerə gedəcəyik. Əvvəlcə razılıq verdim. Bu, mənim həm də pedaqoji qabiliyyətimə verilən qiymətdir deyə düşündüm. İndi sizinlə söhbət etdiyim bu məktəbə gəldiyim ilk gün yadıma düşəndə, inanın, bu gün də dəhşətə gəlirəm. Məktəb yeni inşa edilmişdi. Amma təmir işləri tam başa çatdırılmamışdı. Niyəsini soruşsanız, o illər bütünlükdə ölkəmiz üçün ağır illər idi. Qaçqın, məcburi köçkünlər problemi vardı. Üstəlik, məktəbin yerləşdiyi qəsəbə yeni salınırdı. Binaya girmək üçün normal yol belə yox idi. Siniflərin vəziyyətindən isə ümumiyyətlə, danışmağa dəyməz. Sinif deyə bir şey yox idi. Boş, yarıtəmir olunmuş otaqlar idi. Hələ köçməmişdən, dərslərə başlamamışdan xeyli iş görülməsinə ehtiyac var idi. Düşündüm ki, mənim gücüm çatan iş deyil bu. O üzdən direktoruma bildirdim ki, mən bu şərtlərdə işləyə, dərs deyə, uşaq yetişdirə bilmərəm. O isə diqqətlə üzümə baxıb dedi kİ, oranı düzəldib işə salmağı dövlət mənə tapşırıb. Mən də düşünürəm, yaxşı müəllim olmasa, ora nə uşaqlar cəlb etmək olar, nə də iş görmək.

 

Bilmirəm başqalarında necədir, mən peşəmin fanatıyam. Elə bilirəm ki, ancaq və ancaq müəllim olmaq üçün doğulmuşam. O üzdən bu söz mənə çox təsir etdi. Baxmayaraq ki, kənar məktəblərdən müəllimlər bura gəlmək üçün çox müraciət edirdi, amma direktor razılaşmırdı. Onun kadr seçimi standartı başqa idi. Beləcə, mən haradasa 80-ci illərin əvvəllərində burada fəaliyyətə başladım.

 

 

Ailəmi də cəlb etdim...

 

 

Məktəb deyəndə mənim üçün təxminən durum bu olur, elə bilirəm axar sular durulur. O üzdən ailə üzvlərimlə danışdım. Onlara vəziyyəti izah etdim. Mənim ailəmin üzvləri də məcburi köçkün həyatı yaşayıblar, bu ərazidəki ailələrin əksəriyyəti məhz o kontingent idi. Beləcə, ailəmlə birlikdə məktəbdə, xüsusən də öz sinfimdə təmizlik işləri aparmağa başladıq. İndi gördüyünüz şəraitin yaranması üçün günlərlə çalışdıq və istədiyim nəticəni aldım.

 

Mənimlə birgə direktorumuz da öz üzərinə düşən işi artıqlaması ilə görürdü. Eyni qayda ilə məktəbə birlikdə gələn iki həmkarım da işləyirdi. Baxdıq ki, məktəbdə işlər görüldükcə həm bizim adımızı eşidən, həm də ümumiyyətlə, ərazi baxımından yaxınlıqda olan ailələr uşaqlarını bizə yönəldir. Sevindiricidir, vacib bir iş görürsən. Uşaqlara təhsil verirsən, insan, vətəndaş yetişdirirsən. Bunun üçün seçilmiş beş-on adamdan biri olursan. Elə şeylər var ki, ondan aldığın qüruru heç nəylə əvəz etmək olmur. Mən o hissi məhz bu məktəbdə, o müəllim masasının arxasında yaşamışam.

 

Düzdür, indi də bəzi dəyişikliklərə ehtiyacımız var. Bu istiqamətdə isə bir neçə ildir birgə işlədiyimiz yeni direktorumuz Samir müəllim əlindən gələni edir. Gördüyümüz işlərin qarşılığında çox yaxşı nəticələr gözləyirik. Ümid edirəm ki, məktəbimizdə köklü təmir işlərinə başlanılacağı gün də uzaqda deyil.

 

 

20 Yanvarda ağlamayaq...

 

 

Məktəbimizdə tədbirlər keçirməyə həmişə meyilli olmuşuq. Son tədbirimiz 20 Yanvar şəhidlərinin anım gününə həsr edildi. Sizə bir söz deyim. İndi 20 Yanvar tədbirlərinin demək olar ki, əksəriyyətində daha çox ağlayır, kövrəlirik. Əslində, mən düşünürəm ki, o an və gün bizim qürur yerimizdir. Müstəqilliyimizə gedən yolda ən böyük fəxarətlərimizdən biridir.  Həmin gün məktəblərdə daha çox vətənpərvərlik, dövlət, millət haqda materiallar təqdim etməliyik. Tarixi şəxsiyyətlərimizin müstəqillik yolundakı həyatlarından danışmalıyıq. Məncə, kədər və göz yaşı dolu mətnlər uşaqları qorxaq, cəsarətsiz və çarəsiz edir. 

 

 

Güllə altında...

 

 

Əslində, mən o günü şəxsən yaşamış adamam. Xatırlayırsınızsa, həmin ərəfədə Bakının müxtəlif yerlərində müdafiə postları qurulmuşdu. Mənim qardaşlarım da hamı kimi orda növbədə olurdu. Güllələr atılmağa başlayanda özümü saxlaya bilmədim, onlara yollandım. Gördüm qardaşımın biri növbədən yeni qayıdıb, amma o birilər yoxdur. Yavaşca evdən çıxdım. Həmin gecə xeyli axtardım qardaşlarımı, tapa bilmədim. Səhərəcən həyəcanla gözlədim. Meyitlərin arasında yox idi. Uzun bir müddətdən sonra gəlib çıxdılar. Dedi biz postda olanda hücuma başladılar. Hamı qorunmaq üçün yerə uzandı. Bir o ağlımda qaldı ki, məni ayağımdan kimsə sürüyür. Başımı qaldırmaq istəyəndə, qışqırdı ki, qalxma, sonra bir də o ağlımda qalıb ki, məni metro keçidinə sürüyüb gizlədilər. O müddətdə nə gördüyünü, nədən təlaşda olduğunu daha soruşmadım. Amma dəqiqi bildiyim bir şey var, gördüyü dəhşətdən uzun müddət özünə gələ bilmədi...

 

 

Qazancım olan uşaqlar...

 

 

Son olaraq sizə bir söz deyim. Mənim şagirdlərimi son dərəcə böyük məhəbbətlə sevməyim müxtəlif mərhələlərdə qarşıma çıxıb. Gəlinimi həkimə aparmışdım, həkimin kim olduğunu da hələ ki, bilmirdim. Bir də gördüm gənc bir xanım həkim qollarını açıb üstümə yüyürür. Əvvəl bir şey anlamadım həkimin bu jestindən. Sonra özünü təqdim edəndə bildim ki, ilk müəllimi mən olmuşam.

 

Bir dəfə də toy mərasimində gördüm iki yaraşıqlı adam mənə sarı gəlir. Hamı da bilirmiş ki, onlar nüfuz sahibidirlər. Mən onları tanımasam da, onlar məni tanımışdılar. Boyunlarını qucaqlayıb kövrəlmişdim.

 

Ürəyimdə də düşünürdüm ki, yoluna çıxdığım bu uşaqlar mənim həyatdakı ən böyük qazancımdır...

 

 

SON: Müəllim təkcə hər şey, ya da konkret bir elm barədə yaxşı bilən, onu adama yaxşı izah edən deyil. Müəllim olduğu həm də insanın simasına baxanda hiss olunmalıdır. Həmsöhbətimiz Sərvinaz müəllim məhz o simalardandır. Pedaqoji sifəti olan insan. Bu, bizə lazım olan ən gərəkli göstəricilərdən, keyfiyyətlərdəndir.

 

 

Jalə MÜTƏLLİMOVA