Tədbir Muxtar Respublikanın 95 illik yubileyinə həsr olunub


AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  Vasif Talıbovun 21 yanvar 2019-cu il tarixində təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

 

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsirlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçib. Naxçıvan ərazisində Naxçıvan şahlığı, Naxçıvan tüməni, Naxçıvan sancağı, Naxçıvan xanlığı, Araz-Türk Respublikası, Naxçıvan MSSR və Naxçıvan Muxtar Respublikası kimi müstəqil, yarımmüstəqil dövlət qurumları, inzibati ərazi vahidləri olub. Bu da bir sıra hallarda diyarı qoruyub saxlayıb, Azərbaycandan ayrı düşməsinə imkan verməyib.

 

Akademik çarizm devrildikdən sonra bir sıra böyük dövlətlərin türk dünyasının bir-biri ilə əlaqəsini kəsmək məqsədi ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana yiyələnmək üçün cəhdlər etdiyini söyləyib. Diqqətə çatdırıb ki, erməni daşnakları isə yaranan şəraitdən, böyük dövlətlərin dəstək və yardımlardan istifadə edərək Azərbaycanın bir sıra torpaqlarını Ermənistana qatmaq siyasəti aparıb. Nəticədə Azərbaycan Zəngəzur mahalını itirməli olub. Bununla da vaxtilə coğrafi cəhətdən ölkəmizin mərkəzi ərazilərindən olan Naxçıvan  Azərbaycanın əsas ərazisindən aralı düşüb və muxtariyyət məsələsi gündəliyə gəlib.

 

Qeyd olunub ki, Naxçıvanı işğal etməyə çalışan erməni silahlı quldur dəstələri bölgədə dinc azərbaycanlı əhaliyə divan tutub, yerli azərbaycanlıların sayını süni surətdə azaltmaq üçün hər cür vasitəyə əl atıb. Lakin bölgə əhalisi qəhrəmanlıqla mübarizə aparıb, məkrli düşmənlərin niyyətlərinin reallaşmasına imkan verməyib.

 

İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin Naxçıvanın həm ərazisinin, həm də muxtariyyət statusunun qorunub saxlanılması istiqamətində gördüyü işləri, onun möhkəmləndirilməsi istiqamətindəki həyata keçirdiyi tədbirləri də diqqətə çatdırıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü il 9 fevral tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 80 illik, 2009-cu il 6 fevral tarixli sərəncamı ilə 85 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması bunun bariz nümunəsidir.

 

Naxçıvanın 95 ildir muxtar respublika statusuna malik olduğunu xatırladan alim bu gün bölgənin Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına öz layiqli töhfəsini verdiyini bildirib. Vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası 95 illik tarixi inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 20 ildən artıq bir dövrdə hərtərəfli inkişafa nail olub, əsl intibah səviyyəsinə yüksəlib. Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş verib və bu işlər bu gün də sürətlə və ardıcıl olaraq davam etdirilir.

 

Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Muxtariyyət ərəfəsində Naxçıvan diyarında ictimai-siyasi vəziyyət”, həmin institutun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Moskva və Qars beynəlxalq müqavilələri”, Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “Naxçıvan Muxtar Respublikasının inkişaf yolu” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun “Muxtariyyət illərində elmin inkişafı və elmi məktəblər” mövzusunda məruzələri dinlənilib.