Paytaxt məktəblərində Bakıda keçiriləcək velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı ilə əlaqədar silsilə tədbirlər təşkil ediləcək.
“2018-ci ilin 5-9 iyun tarixlərində Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiqi barədə” Təhsil Nazirliyinin əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri əmr imzalayıb. Müvafiq əmrlə təsdiq olunmuş Tədbirlər Planına əsasən, çempionat ərəfəsində ölkəmizin tarixini, mədəniyyətini və incəsənətini təbliğ etmək və tanıtmaq məqsədilə məktəblilərin iştirakı ilə yürüş, fləşmob və konsert proqramları təşkil olunacaq. Həmçinin, çempionatın təbliğinə həsr olunmuş sərgi və müsabiqələrin keçirilməsi də nəzərdə tutulur.
Dünya çempionatına hazırlıq prosesi barədə məlumatlar təhsil müəssisələrinin internet resurslarına yerləşdiriləcək, tədbirlər kütləvi informasiya vasitələri və televiziya proqramlarında işıqlandırılacaq.