Mingəçevir şəhərində məcburi köçkün uşaqları üçün “Code for Future” şüarı ilə keçirilən ("Gələcəyi kodlaşdır") Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsi başa çatıb. Ötən ilin dekabr ayından start verilən Tədris Düşərgəsinə 60 şagird  qatılıb. Şagirdlər yanvarın 25-dən fevralın 3-dək sürətləndirilmiş tədris düşərgəsində (bootcamp) iştirak  edərək  proqramlaşdırmanın əsaslarını öyrənib, Scratch, HTML və CSS kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olublar. Şagirdlər kodlaşdırma dərsləri almaqla yanaşı, həm də sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlavə təlimlərdə də  iştirak ediblər. Qeyd edək ki, iştirakçılardan ən yaxşı nəticə göstərən 4 nəfər - Nəzrin Əhmədova, Şamxal Vəliyev, Vüqar Vəlizadə və Orxan Bərxudarov notbuka layiq görülüblər. İnformasiya texnologiyaları sahəsində xüsusi bacarıqları ilə seçilən  Uğur Qasımov və Nurlan Tağıyev Bakıda uzunmüddətli pulsuz təhsil almaq imkanı  əldə ediblər.

 

Qeyd edək ki, layihənin əsas məqsədi Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkün məktəblilərin İT savadlılığının artırılması və kodlaşdırma (proqramlaşdırma) bacarıqlarının öyrənilməsi,  müəllimlərin tədris potensialının yüksəldilməsindən ibarət olub.

 

Sifai SƏFƏROVA