Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında yüksək bilik nümayiş etdirərək müxtəlif fənlərdən 100 bal toplayan tələbələrlə görüş olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov dövlətin bütövlükdə aqrar təhsilə qayğısının daim artması, təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən müasir təhsil sistemi üçün yüksək səviyyəli layihələrdən olan Tələbə evlərinin istifadəyə verilməsinin təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə imtahanlarda maksimum nəticələr əldə edən tələbələrin sayının artmasına səbəb olduğunu bildirib.
Görüşdə imtahan sessiyasında müxtəlif fənlərdən 100 bal toplamış əyani təhsil formasının tələbələrinin stimullaşdırılması məqsədilə büdcədənkənar vəsait hesabına 2018-ci il martın 1-dən iyulun 5-dək müddətdə 6 fənn üzrə 100 manat, 5 fənn üzrə 70 manat, 4 fənn üzrə 50 manat əlavə təqaüd verilməsi barədə universitet rektorunun əmri elan olunub.
Göstərilən qayğıya görə dövlətimizə, universitetin rektoruna təşəkkürlərini bildirən tələbələr bundan sonra da təhsildə yüksək nəticələr əldə etməyə çalışacaqlarını söyləyib, universitetdə yaradılmış təhsil mühitini yüksək qiymətləndiriblər.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.