Onlar “Nəsimi ili” və Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar planlaşdırılıb


AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ölkəmizdə mədəniyyətin, ədəbiyyatın, incəsənətin inkişafında mühüm xidmətləri olan şəxslərin yubileylərinin keçirilməsinə göstərilən diqqət və qayğıdan danışıb. Akademik, həmçinin, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi və Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamlar imzaladığını xatırladıb. Qeyd edib ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib.

 

Sonra sözügedən hər iki sərəncamla əlaqədar Tədbirlər Planında nəzərdə tutulmuş işlərinin yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar diqqətə çatdırılıb. Akademik bölmənin elmi-tədqiqat müəssisələrinin əməkdaşlarına kütləvi informasiya vasitələrində mövzu ilə əlaqədar verlişlərin və məqalələrin hazırlanması, “açıq dərs”lərin, “dəyirmi masa”ların təşkil edilməsi barədə tapşırıq verib. Bundan əlavə, bu mövzularda elmi konfrans və tədbirlərin keçirilməsi qərarlaşdırılıb.

 

İclasda digər məsələlər də müzakirə olunub.