Şagirdlərə “Yanğın zamanı davranış qaydaları” paylanıb
Paytaxtdakı B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə müvafiq fotoslaydların müşayiəti ilə “Dəm qazı təhlükəsi”, ”Məişətdə yanğın təhlükəsizliyi”, “112 - qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Zəlzələ zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” və “Torpaq sürüşməsi zamanı davranış qaydaları” mövzularında çıxışlar dinlənilib. Çıxışlarda bildirilib ki, yanğın zamanı insanların binadan köçürülməsi planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına dair yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması vacibdir. Həmçinin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş olunub.
Sonda iştirakçılara “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər təqdim olunub.
Sifai SƏFƏROVA