O, muxtar respublikanın 200-dən artıq ümumtəhsil müəssisəsində izlənilib
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Yer kürəsinin torpaq zonaları və mühitinin qorunması problemləri” mövzusunda interaktiv “açıq dərs” keçirilib.
Dərsi bölmənin Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev aparıb. Alim məruzəsində Yer kürəsində, o cümlədən ölkəmizdə torpaqların coğrafi yayılması qanunauyğunluqları, münbitliyini azaldan deqradasiya prosesləri və onların aradan qaldırılması yollarından danışıb.
Qeyd edib ki, müasir dövrdə ekoloji tarazlığı qorumaq, bitkilərdən yüksək və keyfiyyətli məhsul almaq üçün torpaqlardan maksimum səmərəli istifadə olunmalıdır.
Torpaq, torpaq qurşaqları, vilayətləri və zonaları, habelə torpaqların münbitliyini pozan proseslərə aid məlumatları şagirdlərin diqqətinə çatdıran alim bildirib ki, son dövrlərdə dünyada baş verən səhralaşma-torpaq deqradasiya prosesləri ölkəmizin, o cümlədən muxtar respublikanın torpaq mühitinə də öz təsirini kəskin göstərib.
Dərs prosesində torpaq münbitliyinə təsir göstərən təbii və antropogen amillərin dünya miqyasında, ölkəmizdə və eyni zamanda muxtar respublikada törətdiyi fəsadlar müqayisəli şəkildə izah edilib.
Sahib Hacıyev qeyd edib ki, insanın əlverişli ətraf mühitə olan hüququnun təmin edilməsində BMT və onun müxtəlif qurumlarının böyük rolu var. Ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərdən də bəhs edən Sahib Hacıyev vurğulayıb ki, ekologiya ilə bağlı ümumilikdə 29 qanun və 4 Dövlət Proqramı qəbul olunub.
Alim, həmçinin ölkə başçısı tərəfindən 2010-cu ilin respublikamızda “Ekologiya ili” elan olunduğunu xatırladıb.
Sahib Hacıyev muxtar respublikada geniş miqyasda yaşıllıq zonalarının salınması, torpaq sahələrinə su kanallarının çəkilməsi, müasir texnoloji əsasda müəssisələrin qurulması, yeni sutəmizləyici qurğuların tikilməsi və digər tədbirlərdən də söz açıb.
“Açıq dərs” muxtar respublikanın 200-dən artıq ümumtəhsil müəssisəsində izlənilib.