Hüseyn Nağıyev: “Müəllimlərimin, valideynlərimin ümidlərini doğrultmağıma söz vermişəm”
Uşaq və yeniyetmələr arasında musiqiyə, rəssamlığa, idmana və başqa xüsusi istedad tələb edən sahələrə maraq çox olur. İlkin vaxtlarda bu, onlar üçün əyləncə növü kimi görünsə də illər ötdükcə əsl istedad sahiblərindəki bu kövrək duyğular sonradan onların həyat rəmzlərinə, arzularının simvoluna çevrilir və gələcək həyatlarına işıq saçır. Belə istedad sahiblərindən biri olan Hüseyin Nağıyev də həmsöhbətlərimdən biri oldu. Onunla tanışlığımız xoş bir məqamda təhsil aldığı gimnaziyada baş tutdu. Haqqında məqalə yazmaq istədiyimi biləndə çox sevindi və sanki mənimlə görüşə çoxdan hazır imiş kimi özü barədə, eləcə də yaradıcılıq sahəsində qazandığı nailiyyətlər barədə dolğun və əhatəli məlumat verdi:
Doğmadır mənə musiqi
- Musiqi sədaları altında dünyaya göz açmışam. Evimizdə hər gün eşitdiyim gözəl melodiyalar mənə ana laylası qədər əziz olub. Həmin melodiyaların ahəngi yuxularıma da bal qatıb desəm, yanılmaram. Buna görə də elə uşaqlıq illərindən musiqiyə həvəs göstərmişəm. O öz dili, öz təsir qüvvəsi olan ilahi bir qüvvədir və bu qüvvə dünyanın özü qədər onu dərk edən üçün zəngin bir dünyadır. O dünyada insan tək özünü tapmır, o dünyada insan bütün əlçatmaz, ünyetməz arzularına qovuşur, saflaşır, ülviləşir, dünyanın ən bəxtəvər bəşər övladına çevrilir, sevməyin və sevilməyin sirlərinə yiyələnməklə zirvələrdə bərq vuran arzularına qovuşur. Bəli, bu qədər əziz, bu qədər doğmadır mənə musiqi.
İlk dərs günü
Hazırda mən Azərbaycan Milli Konservatoriyasi tərkibində İncəsənət Gimnaziyasının IX sinfində təhsil alıram. Samirə Nəcəfovadan və Adıgözəl Əliyevdən kamançanın sirlərini öyrənirəm. Yaxşı yadımdadır, ilk dərs günü Samirə xanım kamança aləti haqqında mənə ümumi məlumat verdi, bu musiqi alətində ifa etməyin texnikasını səbrlə öyrətməyə başladı. Ayların necə keçdiyini belə hiss etmədim. VI sinfədək dərs əlaçısı olmuşam. Gimnaziyada keçirilən bütün tədbirlərdə iştirak edirəm.
Atam istəyirdi ki, tar ifaçısı olum
...O, Milli Konservatoriyada tar ifaçılığı üzrə müəllim işləyir. Çox istəyirdi ki, tar ifaçısı olum. Uşaq vaxtı bir gün məni konservatoriyaya aparmışdı. Dəhlizdə özüm üçün gəzirdim. Musiqi səslərinin sehrinə düşdüm, sanki ovsunladılar bu səslər məni. Qeyri-ixtiyari olaraq həmin melodiyanı dinləyə-dinləyə bir auditoriyaya yaxınlaşdım və heyranlıqla ona qulaq kəsildim. O vaxt bu melodiyanın hansı musiqi alətindən çıxdığını bilmirdim. Sonradan öyrəndim ki, bu, kamança alətidir. Atam bunu bildi və bu alətə olan məhəbbətimi azaltmadı, əksinə mənə kamança aləti haqqında ətraflı məlumat verdi. Həmin gündən bu aləti sevməyə başladım. Evimiz gəlişli- gedişlidir. Atamın çoxlu musiqiçi dostları var. Kamançada ifa etdiyim mahnılara onlar da dəyər verirlər.
Öz üzərimdə daha çox çalışmalıyam
Müəllimlərim, valideynlərim dəfələrlə deyirlər ki, öz məqsədimə çatmaq üçün gecə-gündüz çalışmalıyam. Düşünürəm ki, bu istiqamətdə işlərimi davam etdirməli, bu çətin sənətin sirlərinə daha dərindən yiyələnməliyəm. Sonradan özüm də dərk etdim ki, sən demə, yaxşı ifaçı olmaq üçün öz üzərimdə daha da çox çalışmalıyam. Azərbaycanın musiqi tarixini, mədəniyyətini mükəmməl bilməliyəm. Çünki zəhmətsiz heç bir şeyə nail olmaq olmaz.
Sanki yeni bir dünyanı kəşf edirəm
Müsabiqəyə hazırlaşarkən 8 saat, adi günlərdə isə 3 saat əsərlər çalmaqla məşğul oluram. İlk ifa etdiyim əsərlər F.Əmirovun “Qatar”, “Bulaq başında”, “Quşlar” və kiçikhəcmli əsərlər olub. Lakin təcrübəm artdıqca daha böyük əsərlər ifa etməyə başladım. Onlardan biri də Hacı Xanməmmədovun kamança ilə simfonik orkestri üçün konsertidir. Bu əsəri ifa edərkən duyğulanmamaq qeyri-mümkündür. Mən hər zaman bu əsəri ifa etdikdə sanki yeni bir dünyanı kəşf edirəm, necə deyərlər, başqa bir aləmdə oluram.
Kamançada əsər ifa edərkən rahatlıq tapıram
Pərəstişkarı olduğum korifey sənətkarların ifalarını dinləməkdən doymuram. Ümumiyyətlə, mən kamançada əsər ifa edərkən mənəvi dünyamda rahatlıq tapır, arzularımın qanadında pərvaz edirəm. Çalışıram ki, Elşən Mansurova və mərhum Ədalət Vəzirova bənzəyim, onlara olan məhəbbətimi öz ifalarımda yaşadım. Bir əsəri ifa etmək, onu tam mənimsəmək üçün yuxusuz gecələr keçirirəm, inadkarlıq nümayiş etdirirəm ki, dünənki əlçatmaz arzularım reallaşsın.
Böyük səhnələrdə çıxış etmişəm
2017-ci ildə “İncəsənət olimpiadası”nda, 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan 3-cü respublika müsabiqəsində I, “Testene art Baku” beynəlxalq, Habil Əliyevin xatirəsinə həsr olunan gənc kamança ifaçılarının II respublika müsabiqələrində II yerlərə, H.Xanməmmədovun 100 illiyinə həsr olunan müsabiqədə diplomlara layiq görülmüşəm. Dəfələrlə Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Kamera və Orqan zalında və digər böyük səhnələrdə xalq çalğı alətləri orkestri, Q.Qarayev orkestri ilə çıxış etmişəm.
“Ömrümün istəyi” adlı konsertim uğurla keçdi
2019-cu il mənim üçün daha uğurlu oldu. Milli Konservatoriyada çoxdan hazırlaşdığım solo konsertim baş tutdu. “Ömrümün istəyi” adlı konsertimi görkəmli kaman ustası, Əməkdar artist mərhum Ədalət Vəzirovun əziz xatirəsinə həsr etmişdim. Hazırladığım proqrama Azərbaycan və dünya bəstəkarlarının əsərlərini və “Şur” muğamını daxil etmişdim. Hər dəfə səhnəyə çıxanda valideynlərimə söz verirdim ki, həyəcan keçirməyəcəyəm, elə də olurdu. Çünki onların inamlı, güvəncli baxışları mənə ruh verirdi, qalibiyyət əzmi bəxş edirdi. Həmin gün təbriklər yağışına tuş gəlirdim. Zənglərin ardı-arası kəsilmirdi. Zəhmətimin bəhrəsi göz önündə idi. Görkəmli ustadların qarşısında çıxış edirdim. Bir saat davam edən konsertimdə uğur qazanmağımın səbəbkarı sevimli müəllimim konsertmeystr Tünzalə Hüseynova oldu. Yeri gəlmişkən, qeyd edim ki, gimnaziyanın direktoru Aytən Əhmədovaya da qazandığım bütün uğurlara görə təşəkkür edirəm. Çünki diqqət və qayğısı sayəsində beynəlxalq müsabiqələrə qatılırıq və nailiyyətlərə imza atırıq.
Humanitar fənlərə də vaxt ayırıram
Bir neçə kəlmə də təhsilim barədə söyləyim. Qeyd edim ki, bütün fənləri sevirəm və qiymətlərim də yaxşıdır. Çalışqan musiqiçi olduğuma görə müəllimlərim də, şagird yoldaşlarım, dostlarım da mənimlə qürur duyurlar. Açığı mən xüsusilə humanitar fənlərə daha çox vaxt ayırıram, ədəbiyyatı, tarixi çox sevirəm. Musiqi sahəsində isə qarşıda məni hələ çoxlu sınaqlar, səfərlər, festivallar, bayram tədbirləri gözləyir.
Özümə tənqidi yanaşıram
Yeri gəlmişkən, deyim ki, özümə tənqidi yanaşıram, xoşlamadığım əsəri ifa etmirəm. Çalışıram ki, hər ifa ürəyimcə olsun. Eyni zamanda kamança ilə yanaşı, aktyorluq sənətinə də yiyələnirəm. 7 yaşımdan Azərbaycan Gənc Tamaşaçılar Teatrında İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” tamaşasında Nemət, V.Şeksprin “3-cü priyol” tamaşasında Uels Şahzadəsi, H.Cavidin “Şeyx Sənan” tamaşasında Coçuq obrazlarını canlandırmışam. 2017-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev tərəfindən dəvət aldım və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə öz məharətimi nümayiş etdirdim. Bundan başqa, Əli Əmirlinin və S.Bekketin əsərlərində müxtəlif obrazları canlandırdım və bu obrazlara görə mükafatlandırılmışam da. 2018-ci ildə Musiqili Teatrın təsis etdiyi “Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı” mükafatına layiq görüldüm. Telekanallarda nümayiş olunan seriallarda və filmlərdə bir neçə rollarda oynamışam. Boş vaxtlarımda bədii qiraətlə məşğul oluram. Dedektiv janrlara daha çox üstünlük verirəm. Çingiz Abdullayevin, Elxan Elatlının, Aqata Kristinin əsərlərini oxuyuram.
Tələbə adını qazanmaq arzusundayam
Hazırda isə Beynəlxalq müsabiqəyə hazırlaşıram. Milli Konservatoriyaya qəbul olub tələbə adını qazanmaq arzusundayam. Musiqi bir dəryadır, orada hərə bacardığı qədər üzə bilər. Müəllimlərimin, valideynlərimin ümidlərini doğruldacağıma söz vermişəm. Ən çətin imtahanlarım isə hələ qarşıdadır. Yeri gəlmişkən, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Mehriban xanım həmişə biz ifaçılara dəstək olub. Gələcəkdə gerçəkləşdirməli olduğum planlar və arzularım çoxdur. İfamla ölkəmizi beynəlxalq festivallarda, müsabiqələrdə təbliğ etmək, inanın ki, ən böyük arzumdur.
...Bəli, bir gənc istedad sahibinin həyat tarixçəsi ilə tanışlığa da bu yerdə nöqtə qoyuruq. Onun yaradıcılıq yolu barədə isə şübhəsiz gələcəkdə hələ çoxlu məqalələr yazılacaq, korifey sənətkarların qiymətli rəyləri ilə tanış olacağıq.
Sifai SƏFƏROVA