Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında modul tipli 12 məktəb quraşdırılacaq
	Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
	Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə qərara alıram:
	1. Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 172 000 (dörd milyon yüz yetmiş iki min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
	2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
	3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
	İlham Əliyev
	Azərbaycan Respublikasının Prezidenti
	Bakı şəhəri, 27 mart 2018-ci il.
 				
                
                
                
         	
                                             
              




