Kolumbiya Universitetinin professoru xanım Amra Sabic-El-Rayess “Təhsildə tədqiqat”dan danışıb
Martın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ADPU-nun və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə ABŞ-ın Kolumbiya Universitetinin professoru xanım Amra Sabic-El-Rayessin “Təhsildə tədqiqat” mövzusunda məruzəsi dinlənilib. Universitetdən verilən məlumata görə, tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, struktur bölmələrin rəhbərləri, müəllimlər iştirak ediblər.
Tədbiri açan ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov qonağı təqdim edərək bildirib ki, ABŞ-ın Kolumbiya Universitetinin professoru xanım Amra Sabic-El-Rayess təhsil sahəsində tanınmış və nüfuzlu mütəxəssisdir. Onun tədqiqatları sosial mobilliyi, inkişafı, təhsil liderliyini və təhsil təşkilatçılığını, keyfiyyətli müəllim hazırlığını, radikalizmi, korrupsiyanı, qadınların cəmiyyətin inkişaf prosesindən kənarda qalmamalarını və digər vacib məqamları əhatə edir. Gənc və perspektivli alim Amra Sabic-El-Rayess təhsil sahəsində bir sıra məsələləri yüksək səviyyədə tədris və tədqiq edib, əsərlər dərc etdirib. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Professor Amra Sabic-El-Rayess çıxışında öncə ona yaradılan şəraitə görə ABŞ Dövlət Departamentinə, ABŞ-ın Azərbaycandakı səfirliyinə və ADPU-nun rəhbərliyinə təşəkkür edib.
Təhsil sahəsində apardığı tədqiqatlar barədə məlumat verən professor Amra Sabic-El-Rayess müxtəlif genişmiqyaslı layihələr həyata keçirdiyini, bir çox ölkələrdə aztəminatlı ailələrin övladlarının və qadınların təhsilə cəlb edilmələri üçün məqsədyönlü fəaliyyət göstərdiyini, həmçinin radikalizmə qarşı mübarizə apardığını qeyd edib. Bildirib ki, təhsil hər bir ölkənin, xalqın inkişafının əsas amili, uğurlu gələcəyinin həlledici təminatçısıdır. Təhsildə bilik, bacarıq, səriştə əsas meyar kimi götürülməlidir. Təhsil daim dəyişən, yeniləşən, inkişaf edən bir sistemdir. Təhsil sosial mobilliyə keçiddə mühüm rol oynayır, bu işdə ən gözəl və ən uğurlu mexanizmdir. Buna görə də öz tədqiqatlarında təhsil sahəsində mövcud vəziyyətin dəyişməsinə çalışıb. Təhsildə yeni yanaşmaların, paradiqmaların tətbiq edilməsi üçün əzmlə fəaliyyət göstərib.
Çıxışında ayrı-ayrı ölkələrin təhsil sahəsindən konkret rəqəmlər, statistik göstəricilər əsasında nümunələr gətirən professor Amra Sabic-El-Rayess qeyd edib ki, ABŞ-da irqi, etnik və dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq biliyi, bacarığı və səriştəsi ilə fərqlənən aztəminatlı ailələrin övladları universitetlərə qəbul edilirlər. Onların təhsili, inkişafı diqqət mərkəzində saxlanılır. İnkişaf etmiş ölkələrin ali təhsil müəssisələri öz fəaliyyətlərini və rəqabətqabiliyyətli tələbə hazırlığını qlobal dünyada baş verən böyük dəyişikliklərə uyğun olaraq qururlar.
Rektor Cəfər Cəfərov çıxışında qeyd edib ki, “Təhsildə tədqiqat” mövzusunda məruzə, əslində, böyük inkişaf prosesinin tərkib hissəsidir. ABŞ-da bilikli, istedadlı, bacarıqlı insanların ölkənin inkişafına xidmət etmələri üçün xüsusi mexanizmlər mövcuddur. Rəqabət mühitinin yaranması inkişafa xidmət edir. ABŞ-ın inkişafının kökündə məhz bu amil dayanır. Rektor çıxışının sonunda professor Amra Sabic-El-Rayessə maraqlı məruzəyə görə təşəkkür edib və uğurlar arzulayıb.
Tədbirdə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, professor Buludxan Xəlilov, dosent Şahin Pənahov, dosent Yusif Alıyev və başqaları ali təhsil müəssisələrinin şəffaf və obyektiv fəaliyyəti, gələcəkdə müxtəlif ölkələrdə təhsil sahəsində proqnozlaşdırılan inkişaf meyilləri, müəllimlərin keyfiyyətli tədris etmək bacarıqları ilə bağlı fikirlərini bölüşüblər.
Yusif ƏLİYEV