O, mürəkkəb riyazi əməliyyatları kalkulyator sürəti ilə həll edir
Rusiyanın “Birinci kanal”ında yayımlanan “Udivitelnıye lyudi” proqramında qeyri-adi istedadı ilə seçilən azərbaycanlı vunderkind, “Kalkulyator uşaq” adlandırılan” Ruslan Səfərova xarici və paytaxt təhsil müəssisələrində, Moskva, Sankt-Peterburq, Soçi şəhərlərində yerləşən liseylərdə oxumaq təklifi alıb.
Qeyd edək ki, Ruslan Səfərov Qusar şəhərində yaşayır. Ailənin yeganə övladı olan istedadlı balaca şəhər 4 nömrəli tam orta məktəbin ikinci sinif şagirdidir. Ruslan mürəkkəb riyazi əməliyyatları kalkulyator sürəti ilə həll edir və eyni zamanda kökaltı ifadələr, faiz göstəriciləri və alqoritm məsələlərinin həlli də onun üçün çox asandır. Uşağın atası bildirib ki, Ruslanın gələcək təhsili ilə bağlı ən real təklif Bakı Oksford Məktəbindən gəlib. Onlar oğlumun istedadını dəyərləndirərək bütün təhsil xərclərini öz üzərlərinə götürürlər. “Rusiyadan gələn təkliflər ürək- açan olsa da oradakı liseylərə qəbul 5-ci sinifdəndir. Bakı Oksford Məktəbi isə elə bu ildən Ruslanı qəbul etmək istəyir. Amma mən və həyat yoldaşım Qusarda işlədiyimizə görə Ruslanı Bakıya tək göndərə bilmirik. Onun paytaxtda təhsil alması üçün ailəliklə ora köçməliyik”.
Ruslan deyir ki, riyaziyyata böyük həvəsim var. İlk vaxtlarda hesablamalar mənə çətin gəlirdi. Artıq misalların asan həlli yollarını tapdım və çətin hesablamaları, hətta kökaltı misalları da qısa vaxt ərzində həll etdim. Mənə hesablamaları atam və babam öyrədib. Çalışıram nəticələrimi bir az da yaxşılaşdırım. Gələcəkdə proqramçı olmaq arzusundayam.
Sifai SƏFƏROVA