Gülayə Şamilova: “Sistemli təlim-tərbiyə işini valideynsiz qurmaq olmur”
Gülayə Şamilova 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2009-cu ildə Sumqayıt Dövlət Universitetinin kimya-biologiya fakültəsinə qəbul olaraq kimya müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2013-cü ildə Müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçərək Şabran rayon P.İdrisov adına Ağbaş kənd tam orta məktəbinə kimya müəllimi təyin olunub. 6 ildir ki, bu məktəbdə müəllim işləyir.
- Gülayə xanım, necə oldu ki, ilk pedaqoji fəaliyyətə bu məktəbdə başlamaq qərarına gəldiniz?
- Universiteti bitirdikdən sonra müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək işləmək üçün P.İdrisov adına Ağbaş kənd tam orta məktəbini seçdim. Əslində, yaşadığım ərazidən kənarda işləmək nə mənim üçün, nə də ailəm üçün ürəkaçan deyildi. Lakin Şabranda qohumların olması (atam əslən Şabranın Zeyvə kəndindəndir) bu seçimi etməyə daha çox ürəkləndirdi.
Xatırlayıram, ilk Ağbaşa gəlməyimi, ilk dərs gününü... Olduqca həyəcanlı idim. Amma çox tez doğmalaşdıq. İstər müəllim kollektivi, şagirdlər, istərsə də kənd əhalisi ilə... İndi burada özümü heç də yad hiss etmirəm. Sanki bu kənddə bir evim var, hər evdə də bir dostum var.
Müəllimlik peşəsində ilk ürkək addımlarımı atmağa başlayan andan bu məktəb mənə qollarını açdı. Buradakı pedaqoji kollektiv mənə ailəm kimi oldu.
- İlk iş gününüzdən indiyə kimi nələri qazanmısınız, hansı fikirləriniz dəyişib?
- Bu müddətdə yadda qalan anlardan biri şagirdlərimin gözümün önündə böyüməsidir. Bir uşaq sənin qarşında böyüyür, tərbiyəsi, dünyaya, insanlara baxışı formalaşır. Və düzgün istiqamətləndirmədə müəllim kimi sənin də üzərinə böyük yük düşür.
Əvvəllər hər şeyə nəzəri yanaşırdım, belə olmalıdır və ya belə olmalı deyil. İndi isə təcrübəmə əsaslanıram, müxtəlif situasiyaları müqayisə edirəm. Bəzən konkret qərara gəlsəm də, fikirlərim natamam qalır...
- Dərs dediyiniz şagirdlərlə münasibətləri necə qurursunuz? Müəllim olaraq özünüzdə hansı xüsusiyyətləri cəmləməyə çalışırsınız?
- Şagirdlərimlə dost olmağa çalışmışam. Bəzi adamlar deyirlər ki, şagirdlə dost olmaq lazım deyil, ciddi rejim qurmaq lazımdır və s. Mən belə düşünmürəm. Mənim şagirdlərim fənnini yaxşı oxumaya bilər, amma o, hər şeydən qabaq normal insan kimi yetişməlidir. Axı məktəblilərin zaman-zaman problemləri, elə fikirləri olur ki, onu müəllimləri ilə paylaşmaq onlar üçün daha faydalı olur.
Uşaqlarla tərbiyəvi söhbətə çox vaxt ayırıram və ixtisas seçimi ilə bağlı maraqlı söhbətlərimiz olur.
- İxtisas seçimi demişkən, bəs siz necə oldu ki, müəllimlik peşəsini seçdiniz? Kiminsə istiqamətləndirməsi, ya...
- Müəllim olmağa özüm qərar vermişəm. Həm də kifayət qədər şüurlu və qəti bir şəkildə... Ümumiyyətlə, məktəbdə bütün fənləri yaxşı oxumağa çalışırdım. O zaman belə bir düşüncəm var idi, “sinifdə məndən yaxşısı olmayacaq”. İndi o vaxtkı düşüncəmə gülürəm, amma o zaman belə idi. Kimsənin nailiyyətlərdə məni keçməsini qəbul etmirdim, çox prinsipial idim. Kimya fənninə çatınca məndə artıq müəllimliyə sevgi yaranmışdı. Mən məktəbə başlayana qədər Rusiya Federasiyasında yaşadığım üçün rus dilini yaxşı bilirdim. Sinif yoldaşlarım bunun üçün məndən tez-tez kömək istəyirdilər. Mən də onlara məmnuniyyətlə kömək edirdim.
- Sizcə, sevilməyən müəllimin çatışmamazlığı nədir? Nəyə görə hansısa bir müəllim sevilməyə bilər?
- Mənə görə müəllim birinci öyrətməyi sevməlidir və bacarmalıdır. Elə müəllim var ki, fənnini çox mükəmməl bilir, amma şagirdlərinə ixtisasını sevdirə bilmir. Bu halda adamın şagirdə də, müəllimə də heyfi gəlir və təəssüflənirsən.
Uşaqlarla davranış həssaslıq tələb edir. Xüsusən yetişkənlik dönəmində onların fikirlərinin dinlənilməsini istəyirlər. Ona görə də onlarla elə həssas davranmaq lazımdır ki, eqoları zədə almasın.
- Adətən kənd məktəblərinin əsas problemlərindən biri valideynlərin övladlarının təhsilinə laqeyd münasibətidir. Pedaqoji fəaliyyətinizdə belə bir problemlərlə qarşılaşıbsınızmı?
- Çox sevindiricidir ki, işlədiyim kəndin əhalisi təhsilə çox önəm verir, onlar övladlarının təhsili ilə ciddi maraqlanırlar.
Bir də “valideyn” mövzusu bütün müəllimlər üçün həssas mövzudur. Sistemli təlim-tərbiyə işini valideynsiz qurmaq olmur. Müəllim-şagird-valideyn münasibətlərini kimyadakı rabitələrə bənzətmək olar. Əgər hansısa bir tərəfdə rabitə zəif olarsa, istədiyimiz nəticəni almaq da mümkün olmayacaq.
- Məktəbi bitirmiş şagirdlərinizlə münasibət saxlayırsınızmı?
- Bəli. Bəziləri ilə hətta rəfiqəyəm. Dərs dediyim şagirdlərdən bu il universiteti qurtaranlar da var. Həm də tələbə adını qazanan məzunlarımızın içində mənim ixtisasımı seçən ardıcılım da...
- İşlədiyiniz rayondan getmək haqqında heç düşünürsünüzmü?
- Düzü, hələ getmək zamanı deyil. Məktəbdə davamçımın öz şagirdim olmasını çox istəyirəm. O, hələ ki, III kursdadır. Gəldikdən sonra getmək mənim üçün daha xoş olacaq. Bu məktəbdən ayrılmağı isə düzü, heç istəmirəm, lakin yol problemim var. Hər həftə Sumqayıta gedib, gəlməli oluram. Ona görə də gələcəkdə yerdəyişmə etməli olacağam.
- Müəllim həmkarlarınıza, valideynlərə və şagirdlərə nəyi demək istərdiniz?
- Öncə vaxtlarını düzgün dəyərləndirsinlər, öz üzərlərində çox çalışsınlar və gənclik enerjilərindən lazımınca istifadə etsinlər. Çünki müəllimlik həqiqətən çox şərəfli bir peşədir. Onlara bu adı layiqincə daşımağı arzulayıram.
Valideynlərə isə övladlarının təhsili ilə daha çox yaxından maraqlanmağı tövsiyə edirəm.
Gülər HÜSEYNOVA,
Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi