Naxçıvan Dövlət Universitetində anım tədbiri


Naxçıvan Dövlət Universitetində “20 Yanvar faciəsi tariximizin qanlı yaddaşıdır” adlı amım tədbiri keçirilib. Tədbirdən öncə İncəsənət fakültəsinin sərgi salonunda 20 Yanvar faciəsi qurbanlarına həsr edilmiş 30-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub. Fakültənin akt zalında davam edən tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra faciənin dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edilib ki, 20 Yanvar Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Vurğulanıb ki, ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə tam siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 yanvar tarixi - Ümumxalq Hüzn Günü elan edilib. Rektor bu faciənin gənc nəslə çatdırılması, eləcə də ona siyasi-hüquqi qiymət verilməsi ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyini bildirib.

 

Beynəlxalq münasibətlər kafedrasının müəllimi Arzu Abdullayev 29 il öncə Azərbaycan xalqının taleyində faciəli günlər yaşandığını, qırmızı imperiyanın "Qızıl ordusu" tərəfindən günahsız insanların gülləbaran edildiyini gənclərin diqqətinə çatdırıb. Qeyd edilib ki, həmin gün 147 mülki vətəndaş öldürülüb, 600-dən çox insan yaralanıb. Bildirilib ki, Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adı əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunub.

 

Sonda tələbələrin hazırladığı bədii kompozisiyada 20 Yanvar faciəsinə həsr olunan şeirlər bədii qiraət olunub.