Görüşlərdə 85 mindən çox şagird iştirak edib
“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə maarifləndirmə tədbirləri davam etdirilir
Baş İctimai Təhlükəsizlik İdarəsinin və ərazi polis orqanlarının təşkilatçılığı ilə təhsil müəssisələrində və əmək kollektivlərində iki mindən çox görüş keçirilib. Həmin görüşlərdə tam orta məktəblərin yuxarı siniflərində təhsil alan 85 mindən çox şagird iştirak edib. Tədbirlərdə gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər zərərli meyillərdən uzaqlaşdırılması barədə danışılıb. Çıxışlarda narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi diqqətə çatdırılıb, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyət düşdüyü vurğulanıb.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, şəhər-rayon polis və icra orqanlarının, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaların, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbələrinin məsul əməkdaşları, narkoloq-həkimlər, psixoloqlar, pedaqoji heyət yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik, yoxsa həyat”, yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və cinsi istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması barədə “Erkən nikahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması”, “Radikal yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu”, həmçinin “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliyinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi”, “Təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, “Yol hərəkətinin təhlükəsizliyi” mövzularında çıxışlar ediblər, törədilən hüquqpozmaların fəsadları barədə məlumatlar veriblər.
Qeyd edək ki, davamlı olaraq keçirilən maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığı diqqətə çatdırılıb. Bu cür görüşlərin məqsədinin cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomaniyanın və narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemləri və onların fəsadlarını şagirdlərə, gənclərə bir daha izah etmək olduğu qeyd edilib.