Britaniyalı müəllim 1 milyon dollar qazandı


Böyük Britaniyadan olan müəllim Andriya Zafiraku  Beynəlxalq Müəllim Mükafatına (Global Teacher Prize)  layiq görülüb.  Müəllimlər üçün  "Nobel mükafatı"  A.Zafirakuya Dubayda keçirilən təntənəli mərasimdə təqdim olunub.  "Varkey Foundation"  tərəfindən təsis olunmuş mükafatın  məbləği 1 milyon ABŞ dollarıdır.   Bu Fondun əsas məqsədi kasıb ailələrdən olan uşaqların təhsil almasına kömək göstərməkdir.  Mənşəcə yunan olan 39 yaşlı britaniyalı müəllim ingilis dilində pis danışan emiqrant ailələrin uşaqlarına dərs keçir.  Müəllim yetirmələrini 35 dildə (qucarat, hindi, Somali, ərəb,  rumın, Polşa, urdu və s.)    salamlayır.  "Onların hər biri mənim uşaqlarımdır", -  deyən müəllim paytaxt Londonun ucqar Brentin rayonundakı Alperton icma məktəbində incəsənət müəllimi işləyir.  Andriya müxtəlif ölkələrdən olan 30.000  müəllimlə rəqabət aparıb. 

 

Milyonçu müəllimi  Dübay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Muktum və Böyük Britaniyanın baş naziri Tereza Mey də təbrik ediblər.

 

Oruc MUSTAFAYEV