Şagirdlər Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyini öz rəsm əsərləri ilə qeyd ediblər
Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda görkəmli yazıçı və böyük ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr edilmiş rəsm sərgisi keçirilib. Binəqədi rayon məktəblilərinin ədibin həyat və yaradıcılığını əks etdirən rəsm əsərləri ilə nümayiş olunub.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbirin əsas məqsədi barədə söz açıb. Bildirib ki, XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi müstəsna və özünəməxsus yer tutur. Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov qeyd edib ki, Mir Cəlal Paşayev yetmiş illik ömrünün yarım əsrini elmi və pedaqoji, yaradıcılıq işinə həsr edib. Bu da onu ölməzlik zirvəsinə yüksəldən əsas amillərdən biridir. Natiqlər ədəbin ömür yolu və zəngin yaradıcılığından bəhs ediblər. Vurğulanıb ki, mayasında halallıq, sevgi, paklıq, istedad olan Mir Cəlal Paşayev həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi ilə qəlblərdə əlçatmazlıq heykəli ucaldıb.
Sonda əl işləri nümayiş olunan məktəblilərə hədiyyələr təqdim olunub.
Sifai SƏFƏROVA