Dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2019-cu il UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar könüllülük proqramının təqdimatı olub.

 

Tədbiri giriş nitqi ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərindən və gənclərin bu tədbirlərə marağından danışıb. A.Babayev ADNSU tələbələrinin bir çox yarışlarda  könüllülük fəaliyyəti göstərdiyini də diqqətə çatdırıb.

 

UEFA-nın könüllülük direktoru Yusif Vəliyev və ATV-nin idman proqramlarının aparıcısı Sənan Şəfizadə 2019-cu il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqası final matçının təşkilində könüllülük proqramının prinsipləri, qaydaları, tələblər və eləcə də qeydiyyat prosesi  haqqında məlumat veriblər.

 

Tədbirin sonunda ADNSU-nun könüllülük proqramına qoşulmasına start verilib.

 

Qeyd edək ki, Bakıda keçiriləcək "Avropa Liqası Final 2019”un təşkilati işlərində 23 sahə və 40-dan artıq funksiya üzrə 1300 könüllü çalışacaq.