Dekabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə E. Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Bir qış günü” adlı yeni il şənliyi keçirilib.

 

Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında rəqslər, səhnəciklər nümayiş olunub.

 

Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər.

 

İnternat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.

 

Media nümayəndələrinə məlumat verilib ki, E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbi  (əvvəlki adı Nitqi qüsurlu uşaqlar üçün E.Mirzəyev adına xüsusi internat məktəbi) 1979-cu ildə  186 nəfər şagird kontingenti ilə fəaliyyətə başlayıb.  2005-2006-cı tədris ilindən internat məktəbi ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyət göstərir.

 

Hazırda məktəbdə 175 nitqi qüsurlu şagird təhsil alır, onlardan 84 nəfəri müəssisədə gecələyir. Şagirdlər 17 sinif üzrə komplektləşdiriliblər. Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 62 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. 

 

İnternat məktəbi Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub və müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. 

 

İnternat məktəbinin şagirdləri ümumi təhsil almaqla yanaşı, Azərbaycan dekorativ xalq tətbiqi sənətinin çox qədim və geniş yayılmış növlərindən biri olan xalçaçılıq sənətinə yiyələnirlər. Bununla yanaşı, internat məktəbində şahmat, dekorativ sənət, toxuculuq, təsviri incəsənət və bədii özfəaliyyət dərnəkləri fəaliyyət göstərir.

 

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdə fəal iştirak edən məktəb 2016-2017-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsinə cəlb edilib.