Təhsilin əlçatanlığının təmin edilməsi istiqamətində 2019-cu ilin büdcə xərclərində dövlət sifarişi yerlərinin artırılması ilə bağlı qərar qəbul edilib. 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərinin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub”. Bu barədə təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbələrinin II qurultayında deyib. 
 
Onun sözlərinə görə, təhsilin əlçatanlığının təmin edilməsi bir neçə istiqamətdə təmin edilib. Ölkə başçısının sərəncamı ilə magistrantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi təhsilin fasiləsizliyinin təmin olunması, gənclərin elmi fəaliyyətə cəlbinin stimullaşdırılması, ali təhsil müəssisələrində və elmi təşkilatlarda gender balansının qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Gənclər siyasətinin daha çevik reallaşdırılması məqsədi ilə cari ildən etibarən magistratura səviyyəsində “Gənclərlə iş” ixtisaslaşması üzrə tələbə qəbuluna başlanılıb.
 
Təhsilin əlçatanlığı baxımından “2018-2024-cü illərdə əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsinin əhəmiyyətini də vurğulayan nazir təhsilin bütün pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslər üçün bərabər təhsil mühitinin yaradıldığını deyib: “Proqramın reallaşdırılması təhsil müəssisələrində əlilliyi olan tələbələr üçün müvafiq infrastrukturun yaradılması və zəruri tədris resursları ilə təmin edilməsinə, sözügedən kateqoriyadan olan tələbələrin cəmiyyətə inteqrasiyasına imkan verəcək”.
 
Nazir Ceyhun Bayramovun sözlərinə görə, 2018-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gəncin tələbə adını qazanması, ali məktəblərə qəbul göstəricilərinin əhəmiyyətli şəkildə artması, 3127 nəfərin 600 baldan yüksək nəticə göstərməsi, 29 abituriyentin 700 bal toplaması, 2090 nəfər 500-dən yuxarı bal toplamış gəncin müəllimlik ixtisasını seçməsi, gənclər arasında müəllim peşəsinə marağın artması bütövlükdə təhsilin keyfiyyətində dinamik artımı xarakterizə etməklə yanaşı, ali təhsilin əlçatanlığının və cəlbediciliyinin yüksəldiyini sübut edir.
 
 
Ruhiyyə Daşsalahlı