“ Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub”.
Martın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərbaycan dili və pedaqogika” kafedrasının təşəbbüsü ilə böyük dramaturq və şair Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Ölkə prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən təşkil olunan yubiley mərasimində universitetin professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak edib.
“Azərbaycan dili və pedaqogika” kafedrasının müdiri Salatın Əhmədli bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən, 2017-ci ildə ölkəmizin hər yerində böyük şairin yaradıcılığına həsr olunan silsilə tədbirlər keçirilib, bu tədbir də həmin sırada yer alır. “H.Cavid elə bir zirvədir ki, onun haqqında nə qədər danışsaq, yazsaq azdır, onun həyat yolu, yaradıcılığı bitib-tükənməyən sonsuz xəzinədir. Xalqın mənəvi yaddaşında silinməz izlər buraxan böyük sənətkar XX əsr Azərbaycan ədəbiyyatının yetişdirdiyi nadir ustadlardan, romantizm ədəbi məktəbinin poeziyamızda və dramaturgiyamızda yaradıcılarından biridir, əsərləri ilə nəsillərin mənəvi tərbiyəsini formalaşdıran qüdrətli sənətkardır”.
1982-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə H.Cavidin nəşini uzaq Sibirdən gətirən nümayəndə heyətinin rəhbəri, ehtiyatda olan xidmət polkovniki, tarixçi-hüquqşünas Həmid Cəfərovun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Həmid müəllim xatirələri yada salıb, Sovet dönəmində Heydər Əliyevin böyük cəsarəti, qətiyyətli addımı ilə Cavidin nəşinin Azərbaycana gətirilərək Naxçıvan torpağında dəfn edilməsini ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə kimi qiymətləndirib. O vurğulayıb ki, yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub.
Tədbirdə çıxış edən AzMİU-nun “Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili” kafedrasının müdiri Tağı Əhmədov ötən əsrdə 37-ci il Stalin repressiyasının qurbanı olan H.Cavidin ömür yoluna nəzər salıb, bəzi epizodlara diqqət çəkib. Ulu öndər Heydər Əliyevin Cavid irsinə daim yüksək dəyər verdiyini deyən T.Əhmədov bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, görkəmli dramaturqun 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair sərəncamın bu diqqətin göstəricisi olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynova böyük şairin dərin məzmunlu yaradıcılığından danışıb, qüdrətli söz sənətkarının Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etdiyini diqqətə çatdırıb. Sonra Nuriyyə xanımın ifasında Nazim Quliyevin bəstəsi olan “Ellər, ay ellər” mahnısı səsləndirilib.
Cavidin Ev muzeyinin direktoru Gülbəniz Babaxanlı göstərilən diqqətə görə universitet rəhbərliyinə, “Azərbaycan dili və pedaqogika” kafedrasına təşəkkürünü bildirib.
Yubiley mərasimində çıxış edən tələbələr ədibin əsərlərindən parçalar söyləyiblər, mahnı oxuyub, kiçik səhnəciklər nümayiş etdiriblər.