LDU-da bu mövzuda Respublika elmi konfransı keçirilib
Lənkəran Dövlət Universitetində “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda gənc tədqiqatçıların (magistrant və doktrant) Respublika elmi konfransı keçirilib.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov konfrans iştirakçılarını salamlayıb və gənc tədqiqatçılara uğurlar arzulayıb. Ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən, qazanılan uğurlardan söz açan professor gənc tədqiqatçıların elmi işlərə cəlb edilməsinin elmimizin inkişafı üçün səmərəli olacağını qeyd edib. O, son illərdə universitetdə gənclərin elmə həvəs göstərdiyini, elmi tədqiqatlar aparmağa maraqlı olduqlarını müsbət hal kimi dəyərləndirib.
LDU-nun rektor müşaviri , professor Mikayıl Məhərrəmov məruzəsində elmin inkişaf doktrinasından söz açıb. Bildirib ki, Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən 4 fakultə və 13 kafedrada qəbul olunmuş plan üzrə 19 istiqamət, 20 mövzuda ümumilkdə 82 elmi-tədqiqat işləri aparılıb. Müsbət haldır ki, tədqiqat mövzularının, demək olar ki, böyük əksəriyyəti Lənkəran-Astara regionunun coğrafi mövqeyinin , zəngin ekoloji xüsusiyyətlərinin , fauna və florasının, torpaq və bitki ehtiyatlarının, ümumiyyətlə, sosial-iqtisadi və mədəni-siyasi həyatının öyrənilməsinə həsr olunub.
Daha sonra konfrans işini bölmələrdə davam etdirib. Müxtəlif bölmələr üzrə bütövlükdə 120-dən artıq çıxış dinlənilib və müzakirə edilib.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.