Elmar Abbaslı: “Şagirdlərdə şifahi nitq vərdişlərinin formalaşmasına çalışmalıyıq”
Elmar Abbaslı 1983-cü ildə İmişli rayonunda anadan olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin kimya-biologiya fakültəsini bitirib. 2005-ci ildə İmişli şəhər 7 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 2013-cü ilədək orada işləyərək Elmar müəllim həmin ildə yerdəyişmə edərək Göygöl rayon Pənahlılar kənd tam orta məktəbində çalışıb. Kənd məktəbi, əvvəlki şagirdləri haqqında xoş xatirələrini bizimlə bölüşən Elmar müəllim 2018-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək 58 balla Gəncə şəhər 10 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
- Elmar müəllim, kənd və şəhər məktəbində çalışıbsınız. Bir pedaqoq kimi şagirdlərin kənddə və ya şəhərdə yaşaması onların təhsilinə təsir edirmi?
- Təhsilimizin inkişaf etməsi, müasir məktəblərin qabaqcıl maddi-texniki baza ilə təmin olunması kənd və şəhər məktəbi fərqini tam aradan qaldırır. Şagidlərin təhsilə marağına gəldikdə isə, kənd mühitində yaşayan uşaqlar daha çox kənd təsərrüfatı ilə məşğul olduqları üçün müəyyən mənada təhsilə cəlb olunmada problemlər yaşanır. Ancaq 5 il kənd məktəbində çalışan bir müəllim kimi deyə bilərəm ki, şagirdlərimizin istər dərsə davamiyyəti, istərsə də dərsə hazırlıqlı gəlməklərində heç bir problem yaşanmır.
- Şagirdin formalaşması üçün müəllim-şagird-valideyn üçlüyü çox mühüm hesab olunur. Siz pedaqoji fəaliyyətinizdə valideynlərlə münasibətlərinizi necə tənzimləyirsiniz?
- Valideynlər övladlarının dərsləri ilə kifayət qədər məşğul olurlar. Müəyyən vaxtlar valideyn iclasları təşkil olunur, məktəbin bütün müəllimləri bu iclaslarda iştirak edərək, şagirdlərin inkişaf perspektivləri, təhsil göstəriciləri barədə valideynlərlə müzakirələr aparılır. Ümumiyyətlə, müəllim-valideyn münasibətlərini doğru istiqamətə yönəltmək müəllimin peşəkarlığının göstəricisidir. Bu peşəkarlığın daha da şaxələnməsi isə valideyndən asılıdır.
- Kimya fənni izah tələb edən çox maraqlı bir fəndir. Tədrisdə fənninizin tədris səviyyəsi necədir?
- Kimyanın tədrisi zamanı şagirdlərə bu elmə maraq, riyazi hesablamalar, yeni texniki vasitələrdən istifadə etmək, təbiətdə baş verən hadisələri, maddi aləmdə gedən dəyişiklikləri dərk etmək, həyatda, məişətdə ekoloji problemlərin həllində iştirak etmək bacarığı aşılamağa çalışıram. Buna görə də şagirdlərim tədris etdiyim fənni çox sevirlər.
- Şagirdləriniz “Kimyanı niyə öyrənirik?” sualını sizə ünvanlasalar cavabınız nə olar?
- Kimya həyatın özüdür. Mən onlara aldıqları havanın, içdikləri suyun tərkibini öyrədirəm. Həyatımızın elementlərdən və hissəciklərdən ibarət olduğunu bildirirəm. Düzü, əvvəl kimyanı sevməyən şagirdlərim var idi. Ancaq mən onlara müəyyən reaksiyalar və tərkibləri əyani şəkildə izah etdikdən sonra ən sevimli fənləri məhz kimya oldu.
- Bu gün müəllim olmaq üçün hansı kriteriyalar mütləqdir?
- Müəllim ilk öncə səbirli olmalıdır. Cəmiyyətin inkişaf etdiyi bir dövrdə şagirdlər çox aktivləşib, inkişaf edərək yeniliklər əldə edirlər. Belə olan halda müəllim daha da çox öyrənməli, mütəmadi olaraq yeniliklərə açıq olmalıdır. Ən əsası ixtisasımızı mükəmməl bilməliyik. Şagirdlərin rəğbətini və diqqətini qazanmaq istəyiriksə, dərsləri maraqlı və özünəməxsus qurmalıyıq. Dərs prosesində mütləq ki, müasir yanaşmalar tətbiq etməklə, şagirdlərdə şifahi nitq vərdişlərinin formalaşmasına çalışmalı, müstəqil tapşırıqları yerinə yetirmək bacarığını formalaşdırmalıyıq.
- Gənc müəllimlərə, müəllim olmaq istəyən tələbələrə və ya bakalavrlara nə demək istəyərsiniz?
- Əgər illər sonra geriyə baxdığınız zaman “Nə yaxşı ki, bu peşəni seçdim” demək istəyirsinizsə, o zaman mütləq ki, müəllim olun. Onlarla, bəzən minlərlə şagirdin xəyallarının memarı...
Cəmiyyətdə “Müəllim sözü müqəddəs deyil, müqəddəs olan onun adıdır” deyiblər.
Raminə MƏMMƏDOVA,
Gəncə Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi