Ölkədə gənclər siyasətinin fəal iştirakçılarından biri olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ) gənclərin maraq dairəsini nəzərə alaraq onların asudə vaxtının səmərəli keçirilməsinə, bədii-estetik zövqlərinin formalaşmasına yönəlik maraqlı tədbirlərin keçirilməsini hər zaman diqqətdə saxlayır.
Öz ənənəsinə sadiq qalan ATİAHİ Respublika Komitəsi bu dəfə tələbələr üçün əsrin bəlası sayılan narkomaniya ilə bağlı sosial layihə həyata keçirib. Belə ki, Komitənin təşkilatçılığı ilə bu qurumun xidmətində olan ali məktəblərin tələbə həmkarlar ittifaqı komitələrinin bir qrup fəalı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanmış “Ağ ölüm” tamaşasına baxıblar.
Tamaşadan əvvəl ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək bu tədbirin ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirildiyini söyləyib. Bununla bağlı ATİAHİ Respublika Komitəsinin müəyyən işlər gördüyünü söyləyən sədr müavini bugünkü tamaşanın də məhz “Sağlam həyat tərzi keçirək, narkomaniyaya “yox” deyək” devizi altında gənclər arasında təşkil olunan tədbirlərin davamı olduğunu bildirib.
M.Cəfərzadə öz çıxışında narkomaniyanın müasir dövrün ən təhlükəli bəlalarından biri olduğunu, dünyada 250 milyondan artıq insanın bu dəhşətli xəstəliyin qurbanına çevrildiyini deyib. O da diqqətə çatdırılıb ki, yüz minlərlə ailə narkotikə aludəçilik səbəbindən dağılır, uşaqlar şikəst və xəstə doğulur. Bu dəhşətli bəla həmçinin QİÇS-ə yoluxmağa da şərait yaradır. M.Cəfərzadə üzünü gənclərə tutaraq onlara bu zərərli və təhlükəli bəladan uzaq durmağı, sağlam həyat tərzi keçirməyi, asudə vaxtlarında idman zallarına, olimpiya komplekslərinə, teatr və konsert salonlarına, kitabxanalara getməyi tövsiyə edib.
“Narkotiklərə qarşı təbliğat” İctimai Birliyinin sədr müavini Leyla Yolçuyeva çıxış üçün söz alaraq respublikamızda narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən, əsrin bəlası olan bu zərərli və qorxunc xəstəliyin yaranma səbəblərindən, ondan qurtulmağın yollarından geniş bəhs edib.
Sonra respublikanın tanınmış aktyorlarının ifasında “Ağ ölüm” tamaşası göstərilib. Gənclərin böyük marağına səbəb olan tamaşada narkomaniyanın insan həyatında doğurduğu acı fəsadlardan danışılıb.
Samirə KƏRİMOVA