Gənc alimlərimizin uğur hekayəti


Elmin hüdudu üfüqə bənzər. Üfüqə yaxınlaşmaq isə bu yolda gecəsini-gündüzünə qatan, daim irəliləyən zəhmət adamından, alimdən, tədqiqatçıdan böyük əmək, səbir, fədakarlıq, inam tələb edir. Yalnız iradəli və bu yolun sevdalısı olanlar üfüqə yaxınlaşa bilərlər.

 

Elm yolunda inamla irəliləyən gənc alimlərimizdən bir qrupu əldə etdikləri uğurlara görə elmmetrik analiz üzrə dünya lideri olan “Clarivate Analytics” və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards 2018” birgə mükafatına layiq görülüblər.

 

Onların arasında AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev və ADNSU rektorunun müşaviri, AMEA Fizika İnstitutunun laboratoriya müdiri Ziya Əliyev də var. Əfsun Sucayev “Web of Science”də “yüksək istinad almış” 2 məqalənin müəllifi kimi,  Ziya Əliyev isə təbiət elmləri üzrə ən məhsuldar müəlliflər nominasiyası üzrə yüksək elmi mükafata layiq görülüb. Gənc alimlər bu yüksək elmi uğura necə nail olub?

 

“Sevdiyim işlə məşğul olduğum üçün uğur qazandım”  

 

 

Ziya Əliyevin 37 yaşı var. 160-dan çox elmi məqalənin müəllifidir. Onlardan 60 -ı  “Web of Sciense”yə daxil olan jurnallarda dərc olunub. 5-i  isə Azərbaycan tarixində ən yüksək impakt faktorlu jurnallarda çap olunub.Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb. Yuxarı kurslardan elmi-tədqiqatlara maraq göstərməyə başlayıb. Daha sonra da universitetin elmi laboratoriyalarında çalışıb.

 

 -  Mən özümü elmdə tapdım. Bacardığım ən gözəl işin elmi-tədqiqatlar olduğunu anladım. Buna görə də daha ciddi surətdə elmin dalınca getdim. Təbii ki, gənclər özləri müstəqil şəkildə elmi iş apara bilmirlər. Onlara böyük dəstək lazımdır. Buna görə də mən öz müəllimlərimə, xüsusən də elmi rəhbərim, professor Məhəmməd Babanlıya minnətdaram. Biz indi də birlikdə çalışırıq və mən onun yanında yetişməyə başladım. İlk dəfə elmi rəhbərim mənə aktiv işləməyin vacibliyini öyrətdi. Xüsusən də elm insandan hansı xüsusiyyətləri, qabiliyyətləri tələb edir suallarına aydınlıq gətirdi. Bütün bunları özüm üçün müəyyən mənada aydınlaşdırandan sonra artıq bu işi sevməyə başladım. Düşünürəm ki, sevdiyim  işlə məşğul olduğum üçün uğur qazandım.

 

Mənim və daxil olduğum komandanın uğur qazanmasının ikinci faktoru  bizim xaricə çıxışlarımızla bağlı oldu. Dünyanın ən aparıcı qurumları, tədqiqat qrupları ilə əməkdaşlıq etməyə başladıq. Məhz bu əməkdaşlıq bugünkü nəticələrə gətirib çıxardı. Hesab edirəm ki, nəticələr bəlkə daha artıq ola bilərdi.

 

“Ölkəmizdə elmin inkişafı yeni bir mərhələyə qədəm qoyub”

 

 

Əfsun Sucayevin 38 yaşı var, 77 elmi əsərin müəllifidir. Onlardan 30-u impakt faktorlu, o cümlədən 12-i “A”  kateqoriyalı jurnallarda dərc olunub. Alim bu yüksək mükafatı “Web of Science”də yüksək istinad almış iki məqalənin müəllifi nominasiyası üzrə qazanıb.

 

- Öncə onu deyə bilərəm ki, ruhən sakitlik tapdığım, zövq aldığım bir işdə çalışıram. Bu da uğurlarıma imza atmağıma sabəb olub. Bu, təbii ki, uğur əldə etməyimdə əsas faktordur. İkinci faktor onunla bağlıdır ki, Azərbaycan olaraq götürsək, ölkəmizdə elmin inkişafı yeni bir mərhələyə qədəm qoyub. Burada müasir elm qarşısında qoyulan müxtəlif  tələblər var. Həmin tələblərdən çıxış etsək, ilk növbədə, dünya elminə inteqrasiya çox mühüm şərtdir. Bu inteqrasiya dünyanın aparıcı elmi mərkəzləri ilə gələcəyə xidmət edən sıx əməkdaşlıq və əldə olunan faydalı nəticələrin, birgə elmi məqalələrin dərc olunmasını nəzərdə tutur.

Biz artıq son 2-3 ilin nəticələrindən çıxış edirik. Doğrudan da, bizim 3  istiqamətdə beynəlxalq əməkdaşlığımız var. Bunlar  kimya, tibb və biologiyanın  aktual məsələlərini, onların qovuşduğu sərhədləri əhatə edən tədqiqatlardır. Bizim əldə etdiyimiz nəticələr xarici həmkarlarımızı maraqlandırdığı üçün onlarla əməkdaşlıq edirik. Əvvəlcə bu cür əməkdaşlığa biz maraq göstərirdik, indi isə qarşı tərəf əməkdaşlıq çərçivəsində qarşımızda məsələlər qoyur, problemli mövzuların araşdırılmasını təklif edir. Bu çərçivədə biz ortaq əməkdaşlığımızı davam etdirir və qeyd etdiyim bu vacib əməkdaşlıq yuxarıda sadalanan uğurların əldə olunmasında əsas bir vasitə olub.

 

“Clarivate Analytics” şirkəti ilə əməkdaşlıq son illərdə alimlərimizin məhsuldarlığını artırmaqla yanaşı, tədqiqatçılarımızın beynəlxalq elmi inteqrasiyasına  təkan verib. Gənc alimlər son ilərdə bu sahədə əldə olunan uğurları necə qiymətləndirir?

 

“Biz daha böyük uğurlara gedəcəyik”  

 

Ziya Əliyev: Azərbaycanda AMEA-nın strukturları  ilə universitetlər arasında sıx əlaqə olub və indi də var. Onları bir-birindən ayırmaq, əslində, düzgün olmaz. Çünki bir qurumda çalışan alimin digər qurumda çalışan alimlə əlaqəsi olub. Araşdırmaların bir qismi hər iki qurumda aparılıb, hər iki tərəf elmi işlərə rəhbərlik edib. Məsələn, ötən il ADNSU  və AMEA Fizika İnstitutu  arasında əməkdaşlığın çox böyük  məsələləri üzrə, birgə elmi-tədqiqatların aparılması, mövcud avadanlıq, cihazlardan   birgə istifadəyə dair memorandum imzalandı. Buna qədər belə hesab oluna bilərdi ki,  bir quruma daxil olan avadanlıq ona məxsusdur, amma bu gün biz iki qurum arasında tam razılığa gəldik ki, mövcud avadanlıqlardan ortaq şəkildə istifadə edək. Hər iki qurumun mütəxəssisləri “açıq qapı” prinsipi əsasında bu və ya digər qurumda araşdırma apara biləcəklər. Hətta universitetin tələbələri diplom buraxılış işlərini  onların cihaz və avadanlıqları ilə yerinə yetirəcək, onların alimlərinin potensialından istifadə edəcəklər. Coğrafi anlamda çox kiçik ölkələr üçün də böyük faktordur ki,  səylərin birləşdirilməsi nəticəsində biz daha böyük uğurlara gedəcəyik. Bu uğurlar isə bu gün ortadadır. 

İstər AMEA Fizika İnstitutu,  istərsə də ADNSU-da  Təhsil Nazirliyinin böyük əməyi nəticəsində “Clarivate Analytics”  kimi nəhəng elmi  məlumat platformasına açıq giriş var. Bu mənada mən, ilk növbədə, Təhsil Nazirliyi  və “Clarivate Analytics” arasında müqavilənin imzalanmasını və bu sənədin gələcək işlərə təsirini qeyd etmək istərdim. Bunun gələcək işlərə təsiri hətta deyərdim ki, fantastik dərəcədə böyükdür. Nədir böyüklük? Məsələn, müqavilədən öncə biz,  deyək ki, son 5-7 ildə o elmi bazalara girə bilmirdik, çünki bazalara giriş pulludur.   Buna görə də biz onları hər hansı xarici həmkarlarımız vasitəsilə əldə edirdik  və ya ən sadə bir halda, bir  alimin elmmetrik göstəricilərini və ya mövzu ətrafında hər hansı axtarış edəndə biz buna nail ola bilmirdik. Müqavilənin imzalanmasından sonra artıq bu işləri problemsiz görə bilirik. Bu, istər ölkə daxilində əməkdaşlığı, istərsə də  xaricə çıxışı olan əməkdaşlıqları stimullaşdırır.

 

“Bir reallığı da nəzərə almalıyıq...”

 

Əfsun Sucayev: Həqiqətən Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində  beynəlxalq elmi şəbəkəyə çıxış imkanlarının müzakirə olunub, inkişafa mane olan səbəblərin aradan qaldırılması nöqteyi-nəzərindən çox ciddi addımlar atıldı. Biz bu əməkdaşlıq memorandumunun əhəmiyyətini çox yüksək qiymətləndiririk.  Bəli, biz beynəlxalq tədqiqatlara qoşuluruqsa, burada əməkdaşlıq vacib əhəmiyyət kəsb edir.  Bir reallığı da nəzərə almalıyıq. Ola bilər ki, mən və ya digər həmkarlarım kimyaçı olaraq hər hansı bir istiqamətdə kimyəvi maddələrin sintezini tam dəqiqliyi ilə bəlkə də xarici həmkarlardan daha yaxşı yerinə yetirə bilərik. Ancaq bu maddələrin praktik əhəmiyyətini və son nəticədə laboratoriyadan istehsalata çatdırılmasına qədər olan  son mərhələni qət etmək üçün mütləq xarici həmkarlardan dəstək alınması vacib əhəmiyyət kəsb edir. Məsələn, maraqlana  bilərlər, tutaq ki, mən neft-kimya sahəsi üzrə Aşqarlar Kimyası İnstitutunu təmsil edirəm, ancaq əldə etdiyim uğurlar, xüsusən də bu qlobal  şəbəkədə  dərc olunan məqalələr və onlara olan istinadlar tibb və kimya sahələrini əhatə edir. Bu da təsadüfi hesab oluna bilməz. Məsələn, son illər Bakıda keçirilən humanitar forumlardan birində səsləndirilən fikirlərdən biri də bu idi ki,  dünya alimləri beynəlxalq əməkdaşlıq çərçivəsində tibb və kimyanın sərhədində tədqiqatlara diqqət yönəltməlidirlər. Mənim xüsusən də bu istiqamətlərdə tədqiqatlarımda çağırışın öz rolu olub. Biz 2015-ci ildən İtaliya, Türkiyə,  Belarus MEA, Bioaktiv Maddələrin Biokimya İnstitutu  ilə birgə əməkdaşlıq yaratdıq. Bu isə  son 2016-2017-ci və  2018-ci illərdə yüksək səviyyələrdə əldə olunan işlərin ortaya çıxmasına səbəb oldu.

 

Gənclərin elmə gəlməsi üçün nə etməliyik?

 

Ziya Əliyev: Gənclərin elmə gəlməsi üçün, birinci növbədə, münbit şərait olmalıdır.  Bu gün mən Azərbaycan universitetlərindən birinin əməkdaşı olaraq Təhsil Nazirliyinə bu əvəzolunmaz nəhəng işə görə təşəkkür edirəm. Eləcə də Elmin İnkişaf  Fondu, universitet rəhbərlikləri də bu işə diqqət ayırır. Yəni, bu mühit var. Bu mühit olduqca bu prosesin qarşısını almaq mümkün olmayacaq, gənclər elmə gələcək. Bu gün universitetdə tələbələrin elmlə maraqlandığını müşahidə edirəm. Uğur qazanmış  alimləri, xüsusən gənc alimləri görəndə zövq alırlar. Onlar dil öyrənməkdə maraqlıdırlar. Elm dil bilikləri tələb edir. Bu təməl şərtdir. Dil bilməklə onların imkanları artacaq, məşhur professorlarla tanış olacaqlar. Mən əminəm ki, Təhsil Nazirliyi, Elmin İnkişafı Fondu və AMEA bu cür artan silsilə ilə elmə diqqət yetirsələr, biz yaxın 5 ildə Azərbaycan elminə yeni, uğurlu simalar verəcəyik.

 

Hesab edirəm ki, mühüm məsələlərdən bir də o olmalıdır ki, elmin cəmiyyətdə populyarlaşmasına nail olmaq üçün bu missiyanı, yəni elmin populyarlaşdırılması rolunu oynayan insanlar da olmalıdır. Bu gün bu insanlar da var.  Universitetlərdə elmdən kənarda qalan elə tələbələr var ki, bu kimi təbliğat onlar üçün əvəzsiz rol oynayır. Bu, istər tələbələr,  istərsə valideynlər üçün də mühüm məsələdir.

 

Əfsun Suçayev: Mən maarifləndirmə və hədəfləndirmə tədbirlərinin xüsusi rolunu  qeyd etmək istəyirəm. Təhsil Nazirliyinə minnətdaram ki, “Sabahın alimləri” kimi çox əhəmiyyətli müsabiqə keçirir. Yəni, artıq elmə aşağı yaş qruplarından olan uşaqlar qoşulur. Orta ümumtəhsil məktəblərində elmə maraq oyatmaq lazımdır. Elmin populyar dildə çatdırılması məsələsi var. Məsələn, kimya ilə bağlı əyləncəli təcrübələr, fənn gecələri var. Bunları orta məktəblərdə istedadlı şagirdlərdə oyatmaq lazımdır. Bu tədbirləri universitet və ya tədqiqat institutları ilə məktəblərin əməkdaşlığı çərçivəsində düşünmək olar. “Açıq qapı” günləri keçirilə bilər ki, onun əhəmiyyəti olduqca böyükdür. Universitet alimləri, magistrantlar öz potensialları ilə şagirdləri tamış etməlidirlər. İstər-istəməz istedad axtarıb  öz yerini tapacaq. İnanıram ki, bu tədbirlərə yer verilsə, biz 5 ilə arzu etdiyimiz mükafatçıları da görə biləcəyik.

 

Toxunmaq istədiyim mühüm məsələlərdən biri universitetlərdə tələbə elmi cəmiyyətləri ilə bağlıdır. Biz tələbə olanda elmi-tədqiqatlarla məşğul olmaq, nüfuzlu jurnallarda dərc olunmaq böyük arzularımız  idi. Növbəti hədəflərdən danışarkən mənim arzuladığım bir şey var,  bu da  ali təhsil müəssisələrində tələbə elmi cəmiyyətlərinin rolunun artırılmasıdır. Sovet vaxtı bu təcrübə çox geniş yayılmışdı.  Tələbə elmi cəmiyyəti böyük elmin astanası rolunu daşıyırdı. Məhz bu cəmiyyətlərin formalaşdırdığı  tələbələr akademiya,  böyük elmi-tədqiqat institutlarına yol alırdı.  Bu gün elmdə yüksək nəticələr əldə etmiş alimlərin məhz o tələbə elmi cəmiyyətlərində yetişməsinə dair çoxsaylı faktlar göstərə bilərik.

 

Elmdə aldığınız zövq nədir?

 

Əfsun Sucayev:  Elm sahəsində elmi fanatlar çalışmalı, yəni cəmiyyətə fayda verməlidirlər. Mən elmdə aldığım rahatlığı, zövqü işlədiyim başqa yerlərdə ala bilməmişəm. Yenə də deyirəm ki, elm sahəsində elmə qəlbən bağlı olan insanlar çalışmalıdır. Mən hər gün laboratoriyada o cihazların, maddələrin qoxusunu almasam,  həmin gün özümü rahat hiss edə bilmirəm. Biz tələbələrlə daim ünsiyyətdəyik, onlarla birlikdə çalışmaq da mənə xüsusi bir zövq verir.

 

Ziya Əliyev: Elm böyük üfüqdür. Mənim fikrimcə, elmin açdığı üfüqü başqa sahələr açmır. Elm insana özgüvən verir, insanı formalaşdırır, müdrikləşdirir. Elm insana alternativ yanaşmalar öyrədir. Elm şübhələr üzərində qurulub, bir şeydən şübhələnməsən, onu edə bilməzsən. Elmə yeni başlayanlar onu axtarmalıdırlar.  Harada axtarmalıdır? Uzun illər Avropada çalışmışam. Mən oranın da təcrübəsini  görürəm, orda da insanların elmə yanaşması eynidir. Elmlə əslində, elmə açıq olan insan məşğul olmalıdır. Elm fanatizmi sevir, elmin fanatı olmaq lazımdır. Bir çox şeydən əl çəkmək lazımdır. İstər maddi olsun, qurban vermək lazımdır. Səbirli olmaq lazımdır, müəyyən bir mərhələdən sonra elmin sənə verdiyini heç bir iş vermir. Elmə gələn insan yaradıcı olmalıdır, hər insan elmlə məşğul ola bilməz. Mənə görə elm geniş üfüqdür. Çünkü elm insana elə bir qol-qanad verir ki, istənilən sahədə, istənilən məkanda özünü daha güclü, rahat və arxayın hiss edirsən. Bu, xoşbəxtlikdir.

 

Oruc MUSTAFAYEV