GDU-da aparılan məqsədyönlü işlər böyük uğurlara hesablanıb


Respublikamızda  sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından  biri  də  Gəncə  Dövlət  Universitetidir. Gözəl  ənənələrə   və   şərəfli tarixə  malik  olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə Dövlət Universiteti bu gün də Azərbaycan  təhsilinə  dəyərli  töhfələr verməkdədir.

 

Gəncə Dövlət Universiteti 1938-43-cü illərdə 2 illik Müəllimlər İnstitutu, 1943-2000-ci illərdə Pedaqoji İnstitut, 2000-ci ildən isə Universitet kimi fəaliyyətini davam etdirir. Hazırda universitetdə 9 fakültə, 31 kafedra, 1 departament, 6 mərkəz, 13 şöbə fəaliyyət göstərir. Burada bakalavriat səviyyəsində 22 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bütövlükdə, universitetdə təhsilalanların sayı 6 min nəfərə yaxındır.

 

Tələbə qəbulunun nəticələri yüksəkdir

 

Tələbə qəbulunun nəticələri əvvəlki illərdən fərqlənir. Ötən qəbul imtahanlarında ilk dəfə olaraq tələbə qəbulu planı 95 faiz yerinə yetirilmiş, 11 nəfər 600-dən yuxarı, 72 nəfər isə 500-dən çox bal toplamışdır. Elə ixtisaslar var ki, plan yerləri tam dolmuşdur. Məsələn, “turizm və otelçilik”, “ibtidai sinif müəllimliyi” belə ixtisaslardandır. Bunlar Gəncə Dövlət Universitetində son 10 ilin ən yaxşı göstəricisidir. Özü də qəbul olunmuş tələbələrin hamısı dövlət sifarişi əsasında təhsil alır.

 

Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir. Bu ali təhsil müəssisəsinin 5 tədris binası və  tələbə yataqxanası var. Bütün tədris binaları əsaslı təmir olunub və müasir tələblərə cavab verir. İstilik sistemləri, binaların dam örtükləri, fasadları, daxili tamamilə yenidən qurulmuş, həyətlərdə geniş abadlıq işləri görülmüş, qazonlar salınmış, çoxlu sayda ağac, gül-çiçək kolları əkilmiş, idman meydançaları yaradılmışdır.

 

Bundan başqa, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün ali məktəbdə 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 10 kompüter mərkəzi, çox sayda müasir auditoriya var. Təcrübə və karyera şöbəsinin yaradılmasını da maddi-texniki bazanın zənginləşdirilməsinin bir qolu hesab etmək olar. “Təcrübə və karyera” şöbəsinin xətti ilə hər il universitetdə “əmək yarmarkaları” təşkil edilir.

 

Ümumiyyətlə, bu mərkəzlərin fəaliyyətinin məntiqi nəticəsi olaraq Gəncə Dövlət Universitetini seçən abituriyentlərin sayında əhəmiyyətli artım müşahidə edilir. Mərkəzlərin xətti ilə təcrübəli professor-müəllim heyətinin orta məktəblərdə vaxtaşırı mühazirələri təşkil olunur. Baza orta və məktəbəqədər təhsil müəssisələri də seçilmişdir. Hazırda bu mərkəz şəhərin Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbində fəaliyyət göstərir. Şəhərin 4 nömrəli tam orta məktəbində isə mərkəz üçün müvafiq yer ayrılmışdır və təmir işləri aparılır.

 

“İnklüziv təhsil mərkəzi”

 

Universitetin daxili imkanları hesabına ən müasir standartlar səviyyəsində əsaslı təmir olunmuş “İnklüziv təhsil mərkəzi”nin yaradılmasını da maddi-texniki bazanın yaxşılaşdırılmasına xüsusi diqqətin bəhrəsi kimi qəbul etmək olar. Qərb bölgəsində ilk dəfə olaraq fiziki imkanları məhdud tələbələr üçün nəzərdə tutulan mərkəzə xüsusi kabinet ayrılmış, bura müvafiq avadanlıq gətirilmişdir.

 

Bu il universitetin daha bir tədris binasının açılışı olacaqdır. Burada yaradılan şərait deməyə imkan verir ki, yaxın gələcəkdə Gəncə Dövlət Universitetində təhsil almaq istəyənlərin nəinki respublikamızda, eləcə də xarici ölkələrdə sayı nəzərəçarpacaq dərəcədə çoxalacaqdır.

 

Tədrisin keyfiyyətini artırmaq  üçün  universitetdə  innovativ  yanaşmalara  geniş yer verilir. Rektorluğun  təşəbbüsü ilə ötən ildən bu məqsədə xidmət edən yeni layihəyə - “açıq dərs”lərə start verilib. Yeni  layihə istər müəllim heyətinin, istərsə də  pedaqoji  təcrübədə olan tələbələrin “açıq dərs”lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur.      

 

Stimullaşdırıcı təqaüdlər

 

Universitet üzrə hər tədris ilinin payız və yaz semestrlərinin imtahan sessiyalarının daha şəffaf və obyektiv keçirilməsi üçün bütün vasitələrdən istifadə olunur. Fakültələr tərəfindən imtahan keçiriləcək fənlər üzrə məsləhət saatlarının qrafiki tərtib olunur, tələbələrin müəllimlərdən imtahanqabağı məsləhət almalarına şərait yaradılır. Universitetdə imtahanlar fənlərin tədris xüsusiyyətindən asılı olaraq yazılı, kompüterdə test üsulu, şifahi və qabiliyyət imtahanları formasında qəbul edilir. Ötən tədris ilində bəzi fənlərdən tələbələrin şifahi nitq qabiliyyətini inkişaf etdirmək məqsədi ilə imtahanlar şifahi formada qəbul olunmuş və müsbət nəticələr əldə edilmişdir. Tələbələrin imtahanlara daha yaxşı hazırlaşa bilməsi üçün imtahan qəbul ediləcək bütün fənlərin mühazirə mətnləri, dövlət imtahanına düşəcək fənlər üzrə suallar universitetin saytında yerləşdirilir.   Eyni zamanda, test, şifahi, yazılı və qabiliyyət imtahanlarının sualları imtahan sessiyasına bir ay qalmış tələbələrə paylanılır.

 

Universitet tələbələrinin təhsilə marağını artırmaq məqsədi ilə semestr  imtahanlarının nəticələrinə əsasən fakültələrdə stimullaşdırıcı (məqsədli) təqaüdlər təsis edilərək, xüsusi fəal tələbələrə verilir. Tədrisin keyfiyyətinə nəzarət etmək məqsədilə vaxtaşırı monitorinqlər təşkil olunur.

 

Beynəlxalq əlaqələr

 

Hər bir universiteti tanıdan  və  inkişaf  etdirən  amillərdən  biri də onun beynəlxalq əlaqələridir. GDU bu sahədə də bir sıra yeniliklərə imza atıb. Cəmi 5-6 il əvvəl universitetdə təhsil alan hansısa xarici  tələbəni barmaqla göstərirdilərsə, indi onların sayı ilbəil artır. Türkiyədən, Pakistandan, Özbəkistandan, Qazaxıstandan, Rusiya Federasiyasından və digər ölkələrdən olan tələbələr bu gün yerli tələbələrlə birgə təhsil alır, mütəxəssis kimi yetişirlər. Hazırda əcnəbi tələbələrin sayı 41 nəfərdir. Təhsil sisteminin Boloniya prosesi üzrə qurulması universitetin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir.

 

GDU-nun Avropa İttifaqının təklif etdiyi “ERASMUS+” proqramına fəal şəkildə qoşulması, tələbə və müəllimlərin bu imkanlardan maksimum faydalanması üçün müvafiq tədbirlər həyata keçirir. Son illərdə GDU Avropa İttifaqının TEMPUS - GURDEUS, TEMPUS-UNİVİA, TEMPUS-ESFİDİP layihələrində fəal iştirak etmişdir. Əsasən Avropa Birliyi ölkələrinin nüfuzlu ali məktəbləri və təşkilatları ilə birgə fəaliyyətini davam etdirən Gəncə Dövlət Universiteti TEMPUS-GURDEUS layihəsində tərəfdaş təşkilat qismində iştirak etdikdən sonra regionda analoqu olmayan Avropa Araşdırmaları Mərkəzi açmış, bu ixtisas üzrə akademik və  inzibati heyətini Niderland  Krallığı, Polşa, İtaliya, Portuqaliya respublikalarında təlimlərə göndərmişdir.

 

Universitetin xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması layihəsində tərəfdaş qismində iştirak etdikdən sonra yeni tədris binasında qərb bölgəsi ali təhsil müəssisələri içərisində yeganə olan, yüksək avadanlıqla təchiz edilmiş, Avropa tələblərinə uyğun əsasnamə və iş planına malik “Əlilliyi olan tələbələr üçün mərkəz” yaratması təqdirəlayiq hal kimi qeyd   olunmalıdır.

 

Gəncə Dövlət Universiteti  bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində uğurla işini davam etdirir. Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaycan Ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”  ESFİDİP-Tempus layihəsini xüsusi qeyd etmək istərdim. Xəzər Universitetinin koordinatorluq etdiyi bu layihədə universitetimiz artıq üçüncü ildir ki, tərəfdaş qismində çıxış edir.

 

Avropaya inteqrasiya etdiyimiz bir dövrdə məhz beynəlxalq təcrübələrin öyrənilməsi məqsədi ilə layihəyə Avropanın nüfuzlu təhsil müəssisələrindən olan  Avstriya Respublikasının  Qraz Universiteti, Polşa Respublikasının  Lodz Universiteti, Yunanıstan Respublikasının  Makedoniya Universiteti, Niderland Krallığı Avropa İnsanlara Məsləhət mərkəzi də cəlb olunmuşdur.

 

Layihədə başlıca amil əlilliyi olan tələbələrin ali təhsilə cəlb olunması, onların təhsilinə mane olan məhdudiyyətlərin aradan qaldırılması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində maarifləndirmə işlərini həyata keçirməkdən ibarətdir.

 

Tələbə-müəllim mübadiləsi

 

Bu ali tədris ocağının tələbə və akademik heyətinin beynəlxalq layihələrlə mübadilə imkanları da genişlənir. Ali məktəb 2015-ci ildən başlayaraq Avropa Komissiyasının ayırdığı qrant hesabına İtaliya Respublikasının Pavia Universiteti ilə tələbə-müəllim mübadiləsini davam etdirir. Eyni qəbildən olan mübadilə layihəsi bu ildən İspaniyanın Valensiya Politexnik Universiteti ilə  də aparılacaqdır.

 

Universitet artıq 2017-ci ildən Avropa Komissiyasının həyata keçirdiyi proqramlar çərçivəsində yeni layihələrdə iştirak etmək imkanı qazanmışdır. Belə ki, AESOP, PETRA, EQAK, KA1 layihələri universitet əməkdaşlarının və tələbələrinin beynəlxalq aləmə inteqrasiyasını təmin edəcəkdir. Türkiyə Respublikasının təsis etdiyi “Mövlana” mübadilə proqramı çərçivəsində tələbə və müəllimlər qardaş ölkənin müxtəlif  bölgələrində olan 20 ali təhsil müəssisəsi ilə əməkdaşlığa əsasən qısa və uzunmüddətli mübadilə imkanlarından yararlanırlar. Universitetin alman dili kafedrası Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyi, Alman Akademik Mübadilə Xidməti və Höte İnstitutunun təşəbbüsü ilə treninq-seminar və imtahanlar keçirir.

 

Beynəlxalq əlaqələrini genişləndirən Gəncə Dövlət Universiteti son iki ildə 40-dək yerli və xarici təşkilatla əməkdaşlıq müqaviləsi imzalamışdır. Yerli müqaviləyə əsasən, AMEA-nın Kimya Problemləri və Aşqarlar institutları, Bakı Dövlət, Azərbaycan Texniki, Texnologiya, Sumqayıt Dövlət universitetləri, Bakı Ali Neft Məktəbi ilə ikitərəfli müqavilələr mövcuddur.

 

Universitetin Fransa Respublikasının ali təhsil müəssisələri ilə əlaqəsini xüsusi qeyd etmək lazımdır. Artıq həmin ölkənin Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden universitetləri ilə sıx əməkdaşlıq yaranıb. Ot-Alzas Universitetində Nizami Gəncəvi və Məhsəti Gəncəvi mərkəzlərinin açılışlarında universitetin nümayəndə heyəti də iştirak etmişdir. Onu da qeyd edək ki, Fransanın Azərbaycanın milli-mənəvi dəyərlərinə olan hörmətinin qarşılığında bu ölkənin Azərbaycandakı səfirliyinin və Ot-Alzas Universitetinin birgə təşəbbüsü ilə Gəncə Dövlət Universitetinin 5 saylı tədris binasında Aleksandr Dümanın şərəfinə Mədəniyyət Mərkəzi yaradılmışdır.

 

Artıq 15 ildir ki, GDU Strasburq Universiteti ilə sıx əməkdaşlıq edir. Seçilən  tələbələr orada magistraturada təhsil alır, universitetin fransız dili kafedrasının müəllimləri isə uzunmüddətli pedaqoji təcrübə keçirlər. Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti ilə sıx əməkdaşlığın nəticəsidir ki, vaxtaşırı olaraq Fransadan gənc pedaqoqlar dəvət edilirlər. Təqdirəlayiq haldır ki, universitetin fransız dili kafedrasının 3 əməkdaşı Azərbaycan və Fransa əlaqələrinin inkişafında, fransız dilinin təbliğində göstərdikləri xidmətlərə görə bu ölkənin hökuməti tərəfindən “Akademik Palma” ordeni ilə təltif olunmuşdur.

 

GDU beynəlxalq tədbirlərə ev sahibliyi edir

 

Xarici ölkələrin ali məktəbləri ilə əlaqələr gücləndikcə universitetdə ən müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə də böyük maraq yaranır. Ötən ilin mayında Rusiya, Türkiyə, Fransa, Ukrayna, Gürcüstan və İspaniyadan olan 150 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən beynəlxalq konfransın sorağı hər yerə yayıldı.

 

GDU-nun AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə birgə keçirdiyi beynəlxalq elmi konfrans da öz səmərəliliyinə və aktuallığına görə seçilmişdir.

 

UNEC-in rektoru, professor Ədalət Muradovla GDU-nun rektoru, professor Yusif Yusibovun  imzaladıqları  əməkdaşlıq müqaviləsinə əsasən universitetlər  arasında  müəllim və  tələbə mübadiləsinin həyata keçirilməsi, birgə  ikili diplom proqramlarının  reallaşdırılması, elmi-tədqiqat  işlərinin görülməsi və elmi konfransların  təşkili nəzərdə tutulur. Elektron  universitet modeli, informasiya texnologiyaları  sahəsində  əməkdaşlığın   genişləndirilməsi, antiplagiat  sahəsində təcrübə  mübadiləsinin  aparılması, distant  təhsil  də  müqavilədə  nəzərdə tutulmuşdur.

 

Gəncə Dövlət Universiteti Bakı şəhərində keçirilən Beynəlxalq təhsil və karyera sərgisində ən yaxşı təqdimata görə I yerə layiq görülüb.

 

Universitetimizdə   təhsilin  səviyyəsinə  təsir  edən  ən mühüm amillərdən biri də həm müəllimlərin, həm də tələbə və magistrantların elmi-tədqiqat işlərində fəal iştirakıdır. Təkcə bu il GDU əməkdaşlarının respublikanın nüfuzlu elmi nəşrlərində 350-yə yaxın, xarici ölkələrin elmi nəşrlərində isə 60-dək elmi məqaləsi dərc edilmişdir, onlarla  dərs vəsaiti, metodik vəsait və monoqrafiyaları çap olunmuşdur. Universitetimizdə elmi konfrans və simpoziumlar keçirilməsi də ənənə halını almışdır.

 

II  tədris binasının  həyətində  Gəncə  şəhərində  analoqu olmayan yüksək keyfiyyətli ot örtüyünə malik mini-futbol stadionu yaradılmış, stadionun dövrəsində qaçış zolağı, basketbol meydançası da tam hazır vəziyyətə salınıb tələbələrin ixtiyarına verilmişdir.

 

İKT təminatı

 

Universitet yeni informasiya texnologiyaları ilə müvafiq şəkildə təmin edilmiş, “ağıllı lövhələr”, ağ lövhələr, surətçoxaldan, digər texniki vasitələr alınmış, bütün kafedralar, şöbə və dekanlıqlar və struktur bölmələri kompüterlərlə təchiz olunmuş, tədris  binaları  arasında  fiberoptik  kabellərlə  “Gigabit ethernet “ texnologiyası  vasitəsilə   lokal  şəbəkə  yenilənmiş, yüksəksürətli internetə çıxış təmin edilmişdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Aztelekom tərəfindən korpuslara fiberoptic kabelin çəkilişi uğurla başa çatdırılmışdır. Fasiləsiz  işləyən İnternet  xətti  professor-müəllim  heyəti və tələbələrin operativ informasiya mübadiləsini təmin edir.

 

İnnovasiyalar departamenti

 

Universitetdə İnnovasiyalar Departamenti  yaradılmışdır ki, bu da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflərlə bağlıdır. Rektorun müvafiq əmri ilə yaradılan bu departament təkcə Gəncə Dövlət Universitetində deyil, bütövlükdə ölkəmizdə işlənib hazırlanan və kommersiyalaşdırıla biləcək layihələrin tətbiqi üzrə işlər həyata keçirir. İnnovasiyalar Departamenti elm-sənaye əlaqələrinin qurulmasının ən mühüm vəsiləsi kimi kommersiyalaşdırma və texnologiyaların transferi funksiyasını icra etməkdədir.

 

İnnovasiyalar Departamenti çox mühüm tapşırıqların icra olunması və elm-istehsalat-dövlət zəncirinin tam formalaşması üçün əlverişli zəmin yaradır. Burada həm sahibkarların təklifləri əsasında elmi-tədqiqat, təcrübə-konstruktor və tədqiqat-inkişaf layihələri icra, həm də ideya müəlliflərinin öz təklifləri əsasında innovasiya yönümlü layihələr hazırlanaraq istehsalata transfer edilə bilər.

 

Universitetdə laboratoriyaların yenidən qurulması və zənginləşdirilməsi istiqamətində görülən işlər onu deməyə əsas verir ki, innovasiyaların tətbiqi kor-koranə, kampaniya xətrinə aparılmır. Artıq əsas tədris binasında 2 kimya, 2 botanika, 1 zoologiya laboratoriyası yaradılmış, burada  müasir avadanlıqlar quraşdırılmışdır.

 

Bu günlərdə  qeyri-üzvi sistemlərin fiziki-kimyəvi tədqiqi ilə bağlı elmi-tədqiqat  laboratoriyasının  təntənəli açılışı olmuşdur.

 

İELTS Test Mərkəzi

 

GRBS və Gəncə Dövlət Universiteti arasında əməkdaşlığa əsasən, universitetdə 2016-cı ildən rəsmi İELTS Test Mərkəzi fəaliyyətə başlamışdır, hər ay universitetdə həm rəsmi İELTS imtahanı, həm də sınaq imtahanları keçirilməsi nəzərdə tutulmuşdur. Təhsilini xaricdə davam etdirmək istəyən hər bir  şəxs  bu imtahanlarda iştirak etməklə,  istəyini gerçəkləşdirə bilər. İELTS nəticələri Avropa, Amerika, Yaxın Şərq və Avstraliyanın öndə gedən ali təhsil müəssisələrində tanınır.

 

Təqaüd proqramı

 

Bundan başqa, Təhsil  Nazirliyi  ilə  Alman  Akademik  Mübadilə   Xidməti  arasında  Azərbaycan tələbələrinin  Almaniyada  təhsili  üzrə  təqaüd  proqramı  ilə  bağlı  sazişə  əsasən 6  ildir ki, Gəncə  Dövlət  Universitetində  yay  kursları  imtahanları keçirilir. Bu vaxtadək  GDU-nun 13  tələbəsi  təşkilatın  təqaüdünü  qazanaraq Almaniyada ixtisasartırma kurslarına  qatılmışdır.

 

Təqaüdü  tələbələrimizə  bir  daha qazandırmaq və  elektron sənədləşmə işlərində yaranmış problemləri aradan qaldırmaq məqsədi ilə DAAD rəhbəri Ştefani Dufauks, akademik müşaviri Rəna Hüseynova ilə birgə 16-17 fevral 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində olmuş və təlimlər keçirmişlər.

 

20 tələbənin qatıldığı inşa imtahanı zamanı Gəncə Dövlət Universitetindən 3 tələbə  B1 və A2 səviyyəsini qazanaraq Almaniyanın müxtəlif şəhərlərində 1 aylıq kurs keçmək üçün Almaniya təşkilatının təqaüdünə layiq görülüb.

 

Artıq İstanbul Universitetinin YÖS imtahanı səhifəsində yerləşən imtahan mərkəzləri siyahısına Azərbaycanın  Gəncə şəhərinin də adı əlavə edilmişdir. Belə ki, rektorlar, professor Yusif  Yusibov və professor Mahmut  Ak  həm  Gəncə  Dövlət  Universitetində, həm də İstanbul Universitetində keçirilən görüşlər zamanı YÖS imtahan mərkəzinin Gəncə şəhərində GDU nəzdində də təşkil edilməsi ilə bağlı ortaq qərara gəlmişlər. Artıq bu məsələ ilə bağlı işlərə başlanmış və bir çox məsələlər öz həllini tapmışdır.

 

Bundan başqa, Gəncə Dövlət Universitetində  “dövlət qulluğuna hazırlıq proqramı” çərçivəsində ödənişsiz kurslar təşkil olunub.  Kurslar dövlət qulluğu orqanlarında çalışan, professional təcrübəyə malik müəllimlər tərəfindən aparılır. 3 ay müddətində davam edən bu  kurslar zamanı tələbələr qanunvericilk, informasiya texnologiyaları və məntiq üzrə  biliklərini artırır, sınaqlarda iştirak edirlər.

 

Qeyd edək ki, universitetdə ödənişsiz magistraturaya hazırlıq kursları fəaliyyət göstərir. Eyni zamanda ödənişsiz  xarici dil kurslarının açılması da nəzərdə tutulur.

 

Əlbəttə, bu uğurun qazanılmasında müəllim heyətinin gərgin əməyi xüsusilə qeyd edilməlidir. 555 nəfər müəllim heyətindən 17 nəfəri elmlər doktoru, professor, 151 nəfəri dosent, 303 nəfər fəlsəfə doktoru, baş müəllim və 84 nəfəri isə müəllimdir. Professor-müəllim heyətindən 2 nəfəri “Əməkdar elm xadimi”, 8 nəfəri “Əməkdar müəllim”, 1 nəfəri “Əməkdar rəssam”, 5 nəfər “Əməkdar ali məktəb işçisi” fəxri adını daşıyır. 7 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.

 

Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli  Sərəncamı  ilə Gəncə  Dövlət  Universitetinin  rektoru,  professor  Yusif Yusibov təhsilin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

 

Bundan  əlavə, universitetin bir qrup əməkdaşına təhsilin inkişafındakı xidmətlərinə görə Təhsil Nazirliyinin Fəxri fərmanları təqdim edilib.

 

Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.

 

Elçin CAVADOV,

Gəncə Dövlət Universitetinin dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru