Bu deviz altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası keçirilib


Naxçıvan Dövlət Universitetində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, YAP Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, dosent Məftun İsmayılov mütaliə mədəniyyətinin erkən yaşlarda formalaşdığını diqqətə çatdırıb. Bildirilib ki, təbliğat kampaniyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya bədii ədəbiyyatı nümunələrinin yer aldığı 100 bədii kitab gənclərin istifadəsinə verilib. Layihənin keçirilməsində məqsəd gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi, dünyagörüşünün zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

 

Vurğulanıb ki, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinə bu il iyulun 20-dən  Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evində start verilib və orada ayrılmış müəyyən bir guşədə, eyni zamanda Gənclər və İdman Nazirliyində layihə davam etməkdədir. 300 nəfərin iştirak etdiyi layihədə  gənclər özləri ilə gətirdikləri kitabları yeni kitablarla dəyişiblər.

 

Qeyd edək ki, təbliğat kampaniyası bundan sonra muxtar respublikanın rayon və şəhərlərində, eyni zamanda digər ali və orta ixtisas təhsili müəssisələrində həyata keçiriləcək.