Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq qızlardan ibarət məktəb komandaları arasında voleybol idman növü üzrə növbəti zona yarışı keçirilib. Şirvan Olimpiya İdman Kompleksində keçirilən oyunlarda Hacıqabul, Şirvan, Sabirabad, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Füzuli, Laçın, Xocavənd rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Şirvan şəhər 16 nömrəli tam orta məktəbin, II yeri İmişlı rayon Rəsullu kənd tam orta məktəbin, III yeri Sabirabad rayon 6 nömrəli tam orta məktəbin komandası tutub.

 

Daha bir zona yarışı basketbol idman növü üzrə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilib. Yarışlarda Sabunçu, Suraxanı, Xəzər, Pirallahı, Xətai, Nizami, Nəsimi, Binəqədi, Nərimanov, Qaradağ, Yasamal, Səbail, Şuşa, Zəngilanrayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticədə I yeri Xətai  rayonu 269 nömrəli, II yeri Səbail rayonu 160 nömrəli, III yeri Nizami rayonu 220 nömrəli tam orta məktəblərin komandaları tutub.

 

Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.

 

Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib.

 

Qaliblərə diplomlar təqdim olunub.

 

Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.

 

2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaq. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışların qalib məktəb komandaları məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır.