GDU-da böyük dramaturqa həsr edilmiş tədbir keçirilib
Gəncə Dövlət Universitetində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidə həsr edilmiş tədbir keçirilib.
Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin verdiyi xəbərə görə, əvvəlcə tədbir iştirakçıları Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş videoçarxı izləyiblər.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladıb. O, ümummilli liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olduğunu bildirib. Qeyd edib ki, məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə Hüseyn Cavid məqbərəsi tikilib, Bakıda Hüseyn Cavidin ev-muzeyi açılıb.
Ulu öndər Heydər Əliyevin ədibin irsinə daim yüksək dəyər verdiyini deyən Gülsüm Fətəliyeva bu diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, görkəmli dramaturqun 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamın Hüseyn Cavid irsinə diqqətin göstəricisi olduğunu bildirib.
Dramaturqun həyat və yaradıcılığından danışan alimlər onun fəaliyyətə şeirlə başladığını, ilk pyesi “Ana”nı 1910-cu ildə yazdığını bildiriblər. Qeyd edilib ki, 1937-ci ilədək 20-dən çox pyes yazan Cavid Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyub. Onun yaradıcılığındakı fəlsəfi və tarixi faciələr Azərbaycan dramaturgiyasında yeni mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da təsir göstərib.
Tədbirin sonunda Hüseyn Cavidin əsərləri əsasında tələbələr tərəfindən hazırlanmış bədii hissə təqdim olunub.