GDU Avstriya Mubadilə Xidməti ilə də akademik mübadilə imkanlarını müzakirə edib
Gəncə Dövlət Universitetinin “Alman dili” kafedrasının və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə bu xidmətin yay kurslarında iştirak etmək üçün sənəd təqdim etmiş Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələrindən xarici dil imtahanı götürülüb.
Eyni zamanda, DAAD vasitəsilə respublikamızın qərb regionunda fəaliyyət göstərən universitetlərin tələbələri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün alman dilindən praktik dil bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlim keçirilib.
Tədbirdə DAAD Bakı Məlumat Mərkəzinin direktoru Hikmət Kamallı, alman dili üzrə mütəxəssis, Azərbaycan Dillər Universitetində alman dili lektoru Mara-Liza Gezer və GDU-nun Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov, “Alman dili” kafedrasının müdiri Elvin Atakişiyev, baş müəllim Vüsalə Kərimova, ixtisas müəllimləri, tələbələr iştirak ediblər.
Bildirilib ki, Alman Akademik Mübadilə Xidməti – DAAD tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər Almaniya dövləti tərəfindən tam maliyyələşdirilir.
Təşkilat demək olar ki, dünyanın bütün ölkələrində məlumat mərkəzləri vasitəsilə təmin olunub. Onlardan biri olan DAAD-ın Bakı Məlumat Mərkəzi Azərbaycanın və Almaniyanın bütün ali təhsil müəssisələri arasında körpü rolunu oynayır.
Diqqətə çatdırılıb ki, fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanın regionlarında yerləşən ali təhsil müəssiələri ilə əməkdaşlıq etməyə səy göstərən DAAD-ın Bakı Məlumat Mərkəzi ilə Gəncə Dövlət Universiteti arasında səmərəli əməkdaşlıq münasibətləri qurulub və bu əlaqələr ildən–ilə inkişaf etdirilir.
Tədbirdə gələcək illərdə Avstriya Mubadilə Xidməti vasitəsilə universitetin yeni akademik mübadilə imkanları da müzakirə edilib.