Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı ikigünlük simpozium keçirilib
Dekabrın 13-də universitetdə AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Konya Nəcməddin Ərbəkan Universiteti, TİKA-nın birgə təşkilatçılığı ilə “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” mövzusunda ikigünlük beynəlxalq simpozium işinə başlayıb.
Tədbir iştirakçıları öncə Lənkəran şəhərinin mərkəzində ümummmili lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə-kompleksi ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Tədbirin əvvəlində Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin dövlət himnləri səsləndirilib.
Simpoziumu Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq beynəlxalq tədbirin gündəliyi, məqsəd və məramı barədə iştirakçılara məlumat verib. Bildirib ki, doğumunun 800-cü ilidönümündə Şeyx Zahid Gilaninin anılması bu dəyərli şəxsiyyətin irsini öyrənən alimlərin bir araya gətirilməsinə şərait yaratmaqla yeni tədqiqatlara yol açacaq. Simpoziuma marağın gözlənildiyindən də böyük olduğunu deyən professor Natiq İbrahimov 5 ölkədən 60-dan artıq müraciətin daxil olmasını Şeyx Zahid Gilani şəxsiyyətinə hörmət kimi dəyərləndirib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev rayonda Şeyx Zahid şəxsiyyətinə daim dəyər verildiyini, şəhərdəki mərkəzi küçələrdən birinin onun adını daşıdığını bildirib.
Tədbirin təşkilatçılarından olan Konya Nəcməddin Ərbəkan Universitetinin əməkdaşı, professor Əhməd Taşkın, Kastomonu Uniuversitetinin professoru Cövdət Yaquboğlu, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşları- professor Şahin Fazil, dosent Dilavər Əzimli çıxışlarında Şeyx Zahid Gilani şəxsiyyətinin böyüklüyü, zamanında və hazırkı dövrə qədərki fəlsəfi fikir tarixində oynadığı rolu, xeyirxah əməlləri barədə söz açıblar.
Qeyd edək ki, simpoziumun 1-ci günü “Klassik mənbələrdə Şeyx Zahid”, “Müasir tədqiqatda Şeyx Zahid”, “Şeyx Zahid və xalq ədəbiyyatı” mövzularında məruzələr dinlənilib.
Simpoziumun ikinci günü isə “Şeyx Zahid mühiti və mədəni irsimiz”, “Şeyx Zahid ənənələri və Lənkəran bölgəsi”, “Şeyx Zahidin həyatı və fəaliyyəti”, “Şeyx Zahid məktəbinin ardıcılları” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.