Yeni layihəyə start verilib
“UNEC-dən dünyaya” adı yeni layihəyə start verilib. Layihənin məqsədi UNEC-in dünyanın nüfuzlu universitetləri ilə ikili diplom, mübadilə proqramları və əməkdaşlıq müqaviləsi çərçivəsində təhsillərini xaricdə davam etdirən tələbələri tanıtmaqdır. Eyni zamanda həmin tələbələrin proqram çərçivəsində təhsil aldıqları universitet barədə fikirlərini ictimaiyyətlə bölüşməkdir. Layihədə ikili diplom və mübadilədə iştirak edən UNEC tələbələrinin müsahibələri təqdim olunacaq.
Layihənin ilk müsahibi UNEC-in magistri Fidan Qurbanovadır. F.Qurbanova UNEC Biznes Məktəbində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə MBA təhsili alır. O, Avropa Komissiyasının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində Almaniyanın Siegen Universitetində mübadilədə iştirak edir. UNEC NEWS Fidan Qurbanova ilə müsahibəni təqdim edir:
- Fidan, mübadilə proqramında niyə məhz Almaniyanın Siegen Universitetini seçdiniz?
-Düzünü deyim, mübadilə proqramlarının hər birinə baş vurmuşdum. Fərqli səbəblərə görə bir çoxundan kəsildim. Yalnız Almaniya universitetindən qəbul aldım. Təqaüdlə təhsil almaq istəyirdim deyə Erasmus+ proqramına ərizə vermişdim, Almaniya isə təqaüd verirdi. İndi deyirəm nə yaxşı ki, Almaniyadan qəbul aldım. Alman dilini öyrənirəm, ingilis dilimi mükəmməlləşdirirəm. Burada insanlar çox səbrli, mədəni, yardım etməyi sevəndir. Türklər çoxdur, bu da üstünlükdür. Biz buraya gəldikdə yataqxanaya əvvəlcədən müraciət etməli olduğumuzu bilmirdik. Türklərlə münasibətlər bizə yaşayış yerini daha rahat tapmaqda kömək oldu. Çox güman ki, Siegenə gəlmək istəyən tələbələr üçün video çəkib Youtube-a yerləşdirəcəm. Seçimləri məhz Siegen Universiteti olsun.
-UNEC-lə Siegen Universitet arasında oxşarlıq və fərqliliklər varmı?
-Hər iki universitetdə təhsil səviyyəsi çox yaxşıdır. Amma UNEC-də müxtəlif dillərdə təhsil almaq imkanını həm fərqlilik, həm də üstünlük kimi qeyd edə bilərəm. Siegen Universitetində isə 90 faiz tədris alman dilindədir. Burada ödənişsiz dil kursları da var və kredit verir. Dərslərə gəlincə, Siegendə dərsdə istənilən şəxs iştirak edə bilər, sadəcə imtahan vermək üçün professor mütləq tələbənin adını qeyd etməlidir və ya tələbələr online qeydiyyatdan keçməlidir. UNEC Biznes Məktəbində olduğu kimi, imtahana hansı suallar düşəcək, necə düşəcək bilinmir. Hər kəsin imtahan qiyməti isə şəxsən özünə deyilir. Dərs müddəti 3 saat yazılıbsa, professor və tələbə məcbur deyil ki, həmin 3 saatı auditoriyada otursun. Professor 2 saata da dərsi bitirə bilər. Əsas olan keyfiyyətdir kəmiyyət deyil. Bizdəki qaydanı isə heç sevmirəm. Mənə görə, vaxt itkisidir. Təəssüf ki, bizdə həmin qaydanı hələ ki, tətbiq etmək olmaz, çünki bir nəfər yaxşı oxuyan tələbə ilə hamı dostlaşıb notları alar və dərsə gəlməzlər. Burda isə, müşahidələrimə görə, bir nəfərin ən çox 2 dostu olur.
-Tədris prosesindən razısınızmı və sizin üçün yeni olan nədir?
-Siegen Universitetində yalnız dil kurslarında qaib məsələsi var. Digər dərslərdə isə professor üçün maraqlı deyil kim dərsdədir, kim yox. Dərsə gəlməyən özü itirir. Çünki tələbələr notları bir-birlərinə vermirlər və məcburən dərsdə iştirak etmək lazım olur. Professor dərsdə imtahana düşə biləcək hissələrə aid əlavə notlar verə bilər, müəyyən hissələri vurğulaya bilər. Burada qaib məsələsi olmasa da dərsdə könüllü şəkildə bir çox tələbələr iştirak edir.
-Tələbə-müəllim münasibətləri necə qurulub?
-Demək olar ki, UNEC-dəki kimidir. Fərq ondadır ki, professorlar hər həftə dərs materialı göndərmir. Link olur, dərs materiallarını oraya yükləyirlər və tələbələr bütün kurs materialını əvvəlcədən oradan götürə bilir. Bəzi müəllimlər isə dərslərdə bölüşəcəyi əsas məqamlara məxfilik qoyur.
Siegendə istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur. Bir qızıl qayda var: “Nə edirsən et, yanındakı dostunu narahat etmə, dərsə qulaq asmağına mane olma”. Tələbəyə hörmətlə yanaşırlar, sual verdikdə təşəkkür edən belə olur və ilk dəfə bu, mənim üçün çox təəccüblü idi, burada isə normal haldır.
-Asudə vaxtlarınızı necə keçirirsiz?
-Dərs oxumağı sevdiyim üçün boş vaxtlarımda dərslərimlə məşğul oluram. Siegenin təbiəti gözəldir, hərdən gəzintiyə çıxıram, başqa şəhərlərə, ölkələrə səyahət edirəm.
-Mübadilədə iştirak etmək istəyən tələbələrə tövsiyəniz...
-10 avrolarından keçib əvvəlcədən yataqxanaya müraciət etsinlər. Onlara online forma göndəriləcək onu doldursunlar. Erasmus+ tələbələrinə xüsusi üstünlük veriləcək. Siegenə gəlmələrinə 1 ay qalmış müraciətlərinə cavab gəlməsə, deməli problem var. Ona görə də işi şansa buraxmaq olmaz, əlavə stressdir. Dərslərə görə narahat olmasınlar, burada “learning agreement”ə düzəliş etmək olur. Özləri ilə pasport şəkli gətirsələr pis olmaz. Hə, bir də onu qeyd edim ki, alman malları burada ucuzdur.