Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq qızlardan ibarət məktəb komandaları arasında voleybol idman növü üzrə növbəti zona yarışı keçirilib. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən oyunlarda Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Qobustan, Sumqayıt, Abşeron, Qubadlı rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Abşeron rayonu Aşağı Güzdək tam orta məktəbin, II yeri Qusar rayonu Urva kənd tam orta məktəbin, III yeri Şabran rayonu 1 nömrəli tam orta məktəbin komandası tutub.

 

Daha bir zona yarışı basketbol idman növü üzrə Tovuz Olimpiya İdman Kompleksində keçirilib. Yarışlarda Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Naftalan, Mingəçevir, Kəlbəcər, Ağdam, Xocalı, Daşkəsən rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticədə I yeri Gəncə şəhəri 19 nömrəli tam orta məktəbin, II yeri Göygöl rayonu Xəqani kənd tam orta məktəbin, III yeri Mingəçevir şəhəri 10 nömrəli tam orta məktəbin komandaları tutub.

 

Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.

 

Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib.

 

Qaliblərə diplomlar təqdim olunub.

 

Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.

 

2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaq. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışların qalib məktəb komandaları məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır.