Bilik yarışında qərb bölgəsindən 400-dək məktəbli iştirak edib
Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin (GDU) təşəbbüsü və təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri üçün xarici dillər – ingilis, alman, fransız və rus dili fənlərindən olimpiada təşkil edilib.
Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, olimpiadanın keçirilməsində məqsəd universitet-məktəb əməkdaşlığını genişləndirmək, məktəblilərin xarici dillərə marağını artırmaq, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə kömək etməkdir.
Əvvəlcə ümumtəhsil məktəblərinin müəllimləri, şagirdlər və valideynlər Gəncə Dövlət Universitetində yaradılan tədris mühiti, fənn kabinetləri və müasir laboratoriyalarla tanış olublar. Məktəblilərə universitetin beynəlxalq əlaqələri, həyata keçirilmiş akademik mübadilə proqramları, GDU-nun təmsil olunduğu beynəlxalq sərgilər və nailiyyətləri haqqında məlumat verilib.
Universitetin təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev məktəblilərə və onların valideynlərinə son illərdə universitet alimləri tərəfindən aparılan elmi araşdırmalar və alınan nəticələr haqqında danışıb. Olimpiadada yüksək nəticə göstərən şagirdlərin universitet alimlərinin rəhbərliyi ilə çöl-təcrübə işlərində və müxtəlif laboratoriyalarda aparılan təcrübələrdə iştirak edə biləcəkləri qeyd olunub.
Sonra şagirdlər xarici dil üzrə biliklərini yoxlamaq üçün olimpiadaya qoşulublar.
Olimpiadada Gəncənin 30 ümumtəhsil məktəbi, xüsusən universitetin baza məktəbləri, eləcə də Samux rayonundan 9, Goranboy rayonundan isə 4 ümumtəhsil məktəbindən, ümumilikdə 389 şagird iştirak edib. Məktəblilərin biliyinin test üsulu ilə müəyyənləşdirildiyi olimpiada üçün suallar universitetin xarici dillər fakültəsinin “Qrammatika və ingilis dilinin tədrisi” kafedrasının alimləri- Mehdi Rəhimov, Elnarə Abdullayeva və Aygün Talıbova, həmçinin “Alman dili”, “Fransız dili” və “Rus dili” kafedralarının professor–müəllim heyəti tərəfindən hazırlanıb. Olimpiadanın testləri hər birində 50 sual olmaqla 2 variantda, 2 blokda – Azərbaycan və rus dillərində tərtib edilib.
Bildirilib ki, bu cür olimpiadaların gələcəkdə həm digər elm sahələri, həm də bütün ixtisas qrupları üzrə keçirilməsi nəzərdə tutulur. Valideynlər universitet–məktəb əlaqələrinin bu cür uğurlu inkişafına görə GDU-nun rəhbərliyinə, alim və müəllimlərə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, olimpiada testlərinin nəticələri və qaliblər bir həftə ərzində elan ediləcək.