NDU-da dərs vəsaitinin təqdimatı olub
Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Əczaçılıq və stomatologiya” kafedrasının baş müəllimi Çinarə Məmmədovanın “Latın dili və tibbi terminlərin əsasları” dərs vəsaitinin təqdimatı olub. Mərasimi giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kitabın elmi əhəmiyyətini qiymətləndirərək qeyd edib ki, tibb fakültələrində latın dilinin tədris edilməsində əsas məqsəd tibbi praktikada işlədilən latın terminlərinin və yunan mənşəli sözlərin tələbələr tərəfindən öyrənilməsinə nail olmaqdır.
“Tibbi klinik fənlər” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Mətləb İbrahimov bildirib ki, dərs materialı metodik cəhətdən işlənib dərslər üzrə bölünüb. Hər mövzu mümkün qədər məqsədəuyğun təqdim olunub. Qrammatikanın hər bölməsinə müvafiq leksik material, testlər və praktik çalışmalar, tələbələrin müstəqil işləmələri məqsədilə hər bölmədə tərcümə üçün material və reseptlər verilib.
Həmin kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev vurğulayıb ki, Tibb fakültəsinin tələbələri üçün nəzərdə tutulan kitab latın dili fənninin tədrisi proqramı əsasında yazılıb. Qeyd edilib ki, müəllif kitabda tələbələrin ümumi cəhətdən olsa da, tibbi xarakterli leksik material sahəsində sözdüzəltmə prosesi ilə tanış etmək üçün həm latın, həm də yunan dilindən olan suffikslərin və önşəkilçilərin işlədilməsinin əhəmiyyətini misallarla izah edib.
Həmin kafedranın baş müəllimi, Azərbaycan Respublikasının Əməkdar həkimi Kubra Cəfərova diqqətə çatdırıb ki, dərs vəsaitindən fənnin tədrisi ilə məşğul olan müəllim heyəti, bu elm sahəsində çalışan tədqiqatçılar, həkimlər və əczaçılar istifadə edə bilərlər.