Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq qızlardan ibarət məktəb komandaları arasında voleybol idman növü üzrə zona yarışı keçirilib. "Sərhədçi" İdman Kompleksində keçirilən oyunlarda Şuşa, Zəngilan və Bakının 12 rayonunun məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin, II yeri Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin, III yeri Binəqədi rayonu 182 nömrəli tam orta məktəbin komandası tutub.
Daha bir zona yarışı basketbol idman növü üzrə Şəki Olimpiya İdman Kompleksində keçirilib. Yarışlarda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Ağsu rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticədə I yeri Şəki rayon Kiş kənd 1 nömrəli tam orta məktəbin, II yeri Oğuz şəhər 3 nömrəli tam orta məktəb-liseyin, III yeri Qax şəhər 2 saylı məktəb-liseyin komandaları tutub.
Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.
Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib.
Qaliblərə diplomlar təqdim olunub.
Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.
2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaq. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.