Nigar Bezrajvard: “Ən əsası vətəninə, dövlətinə layiqli vətəndaş hazırlamalıdır”


Nigar Bezrajvard 1957-ci ildə Gəncə şəhərində anadan olub.  Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.Təyinatla bir müddət  Zaqatala rayonunda işləyib. 1985-ci ildən Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.  Bu il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

- Nigar xanım, “Əməkdar müəllim” fəxri adına layiq görülməyiniz xəbərini eşidəndə  hansı hissləri keçirdiniz?

- Müəllim işlədiyim  illər ərzində ömrünü şagirdləri üçün bir şam kimi yandıran müəllim olmuşam. Bu ,  mənim  üçün gözəl bir hissdir. Amma Əməkdar müəllim adı almağımı eşidəndə   çox sevindim. Doğrusu ilk sevincim isə 2007-ci ildə  ölkə başçısının  sərəncamı ilə “Tərəqqi”  medalına layiq görüldüyüm  gün olmuşdur.

 

Bir də Əməkdar müəllim və ya sadəcə müəllim arasında heç bir fərq  görmürəm. Əsas  məsələ necə müəllim olmaqdır.

 

- Cəmiyyətdə yaxşı müəllim ifadəsini  biz tez- tez eşidirik. Sizcə, yaxşı müəllim olmaq üçün nə etmək lazımdır?

- Maraqlı sualdır.Təkcə sinfə girib 45 dəqiqə  dərs keçməklə  əsl müəllim olmaq olmur.  Uşaqlara diqqət ayırmaq, onları sevmək və onlara qayğı göstərmək lazımdır.

 

Müəllim təkcə elm öyrətməməlidir, ən əsası o,vətəninə, dövlətinə  layiqli vətəndaş  hazırlamalıdır. 

 

- Bütün məktəblərdə olduğu kimi, sizin də dərs dediyiniz şagirdlər arasında nadinc  şagirdləriniz var. Dərs prosesində onları ələ almaq üçün hansı  metodlardan istifadə edirsiniz?

- Bəli, ilk gündən hər bir uşağa fərdi yanaşmağa üstünlük verirəm. Axı, nadinc uşağa pis demək olmaz, ona yaxşı tərəfdən yanaşıb, yaxşıların yaxşısı etmək lazımdır.

 

Məktəbdə günlərlə dərsə gəlməyən, kitab üzü açmayan uşaqlarla, ünsiyyətdən çəkinən şagirdlərlə  xüsusi məşğul oluram. Onlarla maraqlı tədbirlər təşkil edirəm, daxillərindəki potensialı özlərinə çatdırıram.  Nəticədə dünən  ən passiv uşağı,   sonrakı günlər sinfin ən nümunəvi şagirdi olur.

 

- Müəllimlik şərəfli peşədir. Sizcə, bu günün müəllimləri bu şərəfli peşənin yükünü öz çiyinlərində daşıya bilirlərmi?

- Əlbəttə, müəllimlik peşəsini  seçən hər bir kəs bu sənətin şərəfli və məsuliyyətli olduğunu dərk edir və bu şərəfli adı öz çiynində daşıya bilir.

Bir də qəlbən müəllim olmayanlar bu yolda çox uzun  gedə bilmirlər.

 

- Bu il noyabrın 28-də  Bakıda Azərbaycan müəllimlərinin XV qurultayında iştirak etmisiniz. Qurultayla bağlı şəxsi təəssüratlarınız necə oldu?

- Bəli, Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayında  Ağstafa şəhər 2 nömrəli məktəbi təmsil etdim.  Belə  möhtəşəm  bir tədbirə dəvət aldığım üçün çox qürur hissi keçirtdim. Azərbaycanın  tanınmış ziyalılarını bir arada görmək mənə gözəl hisslər  bəxş etdi. Çünki bu tədbirdə təltif olunanlar arasında mən də var idim. Cənab Prezident  İlham Əliyev tərəfindən Əməkdar  müəllim fəxri adına layiq görülmək və qurultayda bu təltifi  təhsil naziri Ceyhun Bayramov tərəfindən qəbul etmək  mənə qürurverici oldu.

 

Qazandığım  bütün uğurlara görə Azərbaycan Respublikasının Prezidentinə minnətdaram.

 

- Təcrübəli bir müəllim kimi indiki gənc müəllimlərə hansı məsləhətləri verərdiniz?

- Mən sosial şəbəkələrdə tez-tez gənclərin yazılarını oxuyuram. Bir gənc qız yazmışdı ki, imtahandan qorxuram. Görəsən imtahan verib ali məktəbə qəbul ola bilərəm? Mən ona yazdım ki, əlbəttə, imtahan verə bilərsən, çox da gözəl müəllim olarsan. Sadəcə müvəqqəti əziyyət çəkib öz üzərində çalışmalısan.

 

İndiki gənc müəllimlərimiz də cəmiyyətdə tanınmış  müəllim olmaq üçün öz üzərlərində daim çalışmalıdırlar.

 

Nəcibə VƏLİYEVA,

Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi